“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Qarabağla bağlı müəyyən kompromis əldə olunub”.
Bunu “Report”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, söhbət Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyası məsələsindən gedir. İkinci məsələ isə həmin əraziyə ərzaq yüklərinin daşınmasıdır:
“Fikrimcə, Rusiya Azərbaycanın səylərini dəstəkləyir. Təsadüfi deyil ki, Putinlə Ərdoğanın görüşündən sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ağdam-Xankəndi yolu ilə bağlı müsbət mesajlar verdi. Onu da deyim ki, ermənilər Azərbaycana reinteqrasiya məsələsində konstruktivlik nümayiş etdirməlidirlər. Təəssüf ki, biz bunu görmürük”.
Q.Hüseynli qeyd edib ki, Soçidə digər məsələlər ətrafında da razılıq əldə olunub:
“Bunlardan biri Rusiya qazının Türkiyəyə tədarükü, oradan isə Avropaya satılması ilə bağlıdır. İkinci məsələ Akkuyu Atom Elektrik Stansiyası ilə bağlı idi. Rusiya Suriya məsələsində Türkiyə ilə razılaşır. Ankara Tehranı da razı salmağa başlayıb. Türkiyə xarici işlər naziri Hakan Fidanın İrana səfərində Yaxın Şərqdəki durum ciddi müzakirə olunmuşdu. Ümumiyyətlə, Rusiya artıq Yaxın Şərqdən çıxmağa başlayacaq. Fikrimcə, bunun işartıları görünür”.
Politoloqun fikrincə, Ukraynadakı müharibə ilə bağlı mürəkkəb durum davam edir:
“Dövlət başçıları “Taxıl sazişi” barədə tam razılıq əldə edə bilmədilər. Bunun əsas səbəbi rəsmi Moskvanın yeni şərtlər irəli sürməsidir. Həmin şərtlərin yerinə yetirilməsi isə ancaq Ankaradan asılı deyil. Rusiya prezidenti Türkiyənin vasitəçilik səylərini dəstəkləyir. Amma ciddi nəticə yoxdur. Ərdoğan vasitəçilik səylərini bundan sonra da davam etdirəcək. Türkiyə prezidentinin yaxın günlərdə ABŞ-yə səfəri gözlənilir. Yəqin ki, Ərdoğan ABŞ-də də Ukrayna ilə bağlı mövqeyini açıq ifadə edəcək. Yeri gəlmişkən, bir məqamı da qeyd edim, Ərdoğan Putini Türkiyəyə dəvət etdi. Amma bu, nəzakət xətrinə idi. Rusiya prezidentinin Türkiyəyə səfəri gözlənilmir”.