“Moskva yaxın gələcəkdə Ağdam marşrutu ilə paralel olaraq Laçın marşrutunun da istifadə olunacağını və humanitar yardımların müntəzəm olaraq hər iki istiqamətdə regiona maneəsiz daxil olacağını gözləyir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, Rusiya tərəfinin Qarabağdakı vəziyyəti həll etmək üçün ardıcıl addımlar atdığını vurğulayıb.
“Rusiya xarici işlər naziri Sergey Lavrovun iyulun 25-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə üçtərəfli görüşdə irəli sürdüyü təşəbbüsə uyğun olaraq, bütün maraqlı tərəflərlə birgə Laçın və Ağdam marşrutlarının paralel açılması sxemi işlənib-hazırlanıb”, – deyə XİN sözçüsü vurğulayıb.
Onun sözlərinə görə, ilk addım olaraq sentyabrın 12-də ümumrusiya ictimai təşkilatı Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) xətti ilə Ağdam marşrutu ilə rayona humanitar yardım partiyası gətirilib.
Zaxarova vurğulayıb ki, Qarabağ sakinlərinə 15 tona yaxın ərzaq (un, qənd, taxıl, makaron, bişmiş ət və sair saxlama müddəti uzun olan məhsullar), şəxsi gigiyena vasitələri və yataq dəstləri verilib. QXC-nin Qarabağdakı əməkdaşları çatdırılan malların paylanması prosesinə başlayıblar.