• C. Noy 29th, 2024

“Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının humanitar məqsədlə istifadəsi adi hal olacaq” – ŞƏRH + FOTO

ByYenigun.news

Sen 12, 2023


“Azərbaycan özünün suveren hüquqlarının həyata keçirilməsinə dair növbəti bir addım atdı. Ağdam-Xankəndi yolu artıq istifadə edildi. İlk humanitar yükün daşınması çox önəmli məqamdır”.

Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O qeyd edib ki, Azərbaycan ərazisində Azərbaycan dövlətçiliyi ali məfhumdur və bütün məsələlər buna bağlı olmalıdır:

“Hər hansı bir separatçılıq, hansısa bir bölgənin Azərbaycan dövlətçiliyindən kənarda formalaşması qeyri-mümkün məsələdir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə yaşayan ermənilər də bunu qəbul etməlidirlər. Başqa çıxış yolu yoxdur. Rusiya Qızıl Xaç Komitəsinin humanitar yükünün Ağdamdan Xankəndiyə aparılması adi hadisə deyil. Bu göstərir ki, Xankəndiyə humanitar yükün aparılması Azərbaycanın bir bölgəsindən digər bölgəsinə yük daşınması kimi sıradan hadisəyə çevriləcək. Erməni separatçılar bunu bilməli və birmənalı şəkildə qəbul etməlidirlər.

Azərbaycan ərazisinə haradan yükün daşınmasını Azərbaycan özü müəyyənləşdirir. Rusiya humanitar yükü də Azərbaycan ərazisinə bütün sərhəd və gömrük qaydalarına riayət olunmaqla keçib. O cümlədən, Ermənistandan “Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin daşınması Azərbaycan qanunlarına əsasən həyata keçiriləcək. Hesab edirəm ki, hər iki yolun humanitar məqsədlərlə istifadəsi Azərbaycan üçün bundan sonra adi bir hal olacaq”.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə yardım edilməsi qərara alınıb.

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu bir yük avtomobili Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, “Samur” sərhəd-buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib. Avtomobil bu gün səhər saatlarında Ağdam-Xankəndi yolundan keçərək Xankəndiyə çatıb.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir