Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan türk dünyası ölkələri bir-birilərinə yaxınlaşmaqda davam edirlər. Noyabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir çox digər liderlər kimi TDT-nin 10-cu yubiley sammitində iştirak etmək üçün Qazaxıstana səfər etməyi planlaşdırır. Bu barədə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu məlumat verib.
Ötən gün isə qazaxıstanlı general, “Generallar Şurası” Respublika İctimai Birliyinin sədri Maxmut Telequsov bildirib ki, Türkiyə Qazaxıstanın əsas müttəfiqidir və Azərbaycanın təcrübəsi belə əməkdaşlığın səmərəliliyini göstərir, xüsusən də hərbi sahədə.
Bununla bağlı Qazaxıstanın tanınmış ictimai xadimi Muxtar Tayjan Oxu.Az-a şərh verərək bildirib ki, “bu gün təəssüf olsun ki, Türkiyə hələ də Qazaxıstanın əsas hərbi müttəfiqinə çevrilməyib, amma mən belə olmasını istərdim”.
“İndi Rusiya bizim əsas hərbi müttəfiqimiz olmaqda davam edir. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müttəfiqik. Moskva bizim əsas hərbi tərəfdaşımızdır. Amma gələcəkdə mən generalımızla razıyam, çox arzuolunan olardı ki, müdafiə sahəsində əməkdaşlıqda əsas müttəfiqlərimiz ən böyük türk dövləti kimi türk dövlətləri, xüsusən də Türkiyə olsun. Bizə türk dövlətlərinin – Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstanın hərbi ittifaqı lazımdır. Bu ittifaq regionumuzda təhlükəsizliyi gücləndirən effektiv beynəlxalq müdafiə birliyinə çevrilə bilər. Və bunun üçün çalışmalıyıq”, – deyə ictimai xadim əlavə edib.
Muxtar Tayjan, həmçinin General Mahmud Telequsovun Azərbaycanın ikinci Qarabağ müharibəsi zamanı Türkiyə ilə qarşılıqlı fəaliyyətin effektivliyini göstərən təcrübəsinə istinad etdiyini deyib:
“Qazaxıstanda bu uğurlu nümunədən tez-tez türk dövlətlərinin hərbi ittifaqının necə ola biləcəyinin nümayişi kimi istifadə olunur. Türk Bayraktarlarından və digərlərindən istifadə edən və son nəticədə Ermənistan ordusunu darmadağın edən Azərbaycan Silahlı Qüvvələrinin effektivliyini 2020-ci ildə hamımız gördük. Ona görə də buradakı generalımızla razıyam”.
Nair Əliyev