Bu gün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Hesablama Palatası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb.
Müraciəti Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi Siyasət və Sənaye Məsələləri Şöbəsinin müdiri Natiq Əmirov səsləndirib.
“Hörmətli konfrans iştirakçıları, sizi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans münasibəti ilə səmimi qəlbdən salamlayıram.
H.Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulmaz səyləri, polad iradəsi sayəsində Azərbaycanda şəffaf, maliyyə və audit sistemi qurulub. Biz ümummilli lider tərəfindən təməli qoyulmuş, dinamik inkişaf edən iqtisadiyyat görürük.
Müstəqilliyimizin ilk illərində iflasa uğramış dövlət iqtisadiyyatını dirçəltməyin yeganə yolunu bazar iqtisadiyyatına keçiddə görən H.Əliyev irimiqyaslı islahatlara start verib. Onun rəhbərliyi ilə azad sahibkarlığın inkişafı ön plana çəkilib. Eyni zamanda, onun uzaqgörən siyasəti nəticəsində Azərbaycana dünyada etibarlı tərəfdaş statusunu qazandırıb.
Müasir dövrümüzün qlobal çağırışlarına çevik reaksiya verilməsi, eləcə də, hazırkı dövrdə Azərbaycan üçün ən önəmli məsələlərdən olan işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri ölkəmizdə maliyyə sektorunda islahatların daha da gücləndirilməsini, maliyyə imkanlarının səfərbər olunmasını labüd edir”, – deyə müraciətdə qeyd edilib.
N.Əmirov Prezidentin konfransın işinə uğurlar arzuladığını əlavə edib.
İlhamə Əbülfət