Ağcabədi rayonunun Poladlı kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
“Report”un Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi rayonunun Poladlı kənd orta məktəbinin binası istifadəyə yararsız olduğu üçün Heydər Əliyev Fondu tərəfindən təhsil ocağı üçün yeni bina inşa olunub.
Açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi Dəyanət Fərzəliyev, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Bildirilib ki, 1988-ci ildə inşa olunan Ağcabədi rayonunun Poladlı kənd tam orta məktəbinin yeni binanın tikintisi ilə bağlı işləri üzərinə götürən Heydər Əliyev Fondu tərəfindən 300 şagird yerlik məktəb inşa olunub.
İkimərtəbəli, üç korpusdan ibarət olan yeni təhsil müəssisəsi şagird və müəllimləri qəbul etməyə hazırdır. Məktəbdə 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt, idman zalları və açıq idman meydançası var. Bütün otaqlar lazımi avadanlıqlarla və əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.
Heydər Əliyev Fondunun Ağcabədinin Poladlı kənd məktəbində gördüyü işlər təhsilin keyfiyyətinin təminatına, uşaqların bilik və bacarıqlarının davamlı artımına hesablanıb.
Qeyd edək ki, Poladlı kənd tam orta məktəbində 34 müəllim, 17 texniki işçi çalışır.