• Şb. Noy 30th, 2024

“Azərbaycanın dörd bir tərəfində dəfn edilmiş şəhidlərimiz qardaşlığımızın dərin tarixini göstərir” – FOTO

ByYenigun.news

Sen 15, 2023


“Azərbaycanın dörd bir tərəfində qardaş Vətənin bağrına dəfn edilmiş yüzlərlə şəhidimiz qardaşlığımızın dərin tarixi köklərini göstərir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıdakı “Türk Şəhidliyi” abidəsini ziyarət edərkən deyib.

Səfir şəhidlik dəftərini imzaladıqdan sonra çıxış edərək türk əsgərlərinin ovaxtkı qəhrəmanlıqlarından söz açıb. Bildirib ki, Nuri Paşanın rəhbərliyi altında Azərbaycanın müstəqilliyi uğrundakı mübarizədən illər keçsə də, hələ də qürurla xatırlanır:

“Azərbaycanlı qardaşlarımızla birlikdə mübarizəmiz tarixə qızıl hərflərlə yazılıb, “İki dövlət, bir millət” şüarımızın təməlini təşkil edib. Müttəfiqliyimiz bu torpaqlarda axan qanlardan yaranıb, qardaşlığımız daha da güclənib. 1915-ci ildə Çanaqqalada olduğu kimi, 1918-ci ildə də Bakı və Azərbaycanın digər bölgələrində apardığımız çiyin-çiyinə mübarizədən qərarlılıq bu günlər üçün də ilham mənbəyi olub. 1918-ci ildə Gəncə, Göyçay, Kürdəmir və Şamaxıdan Bakıya uzanan müstəqillik mübarizənizdəki eyni ruhla şanlı Azərbaycan Ordusu 2020-ci ildə Zəfər yolundan Şuşaya çatıb və öz torpaqlarındakı işğala son verib. Azərbaycanın dörd bir tərəfində qardaş Vətənin bağrına dəfn edilmiş yüzlərlə şəhidimiz qardaşlığımızın dərin tarixi köklərini göstərir. Bizə əmanət etdiyiniz qardaşlığımızı mühafizə edəcəyimizə əmin ola bilərsiniz. Can Azərbaycan üçün şanlı mübarizəniz bizim üçün qürurdur. Əziz xatirənizi minnətdarlıq hissi ilə yad edirik, ruhunuz şad olsun!”.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik işğalından azad edilməsinin 105-ci ili tamam olur. Bu münasibətlə Azərbaycan Ordusunun hərbçiləri, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı Təmsilçisi Ufuk Arca Turganer və Təmsilçiliyin digər əməkdaşları Bakıdakı “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər.

Ziyarət zamanı ilk olaraq “Türk Şəhidliyi”nə əklil qoyulub, daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və Nuru Paşanın rəhbərliyi altında Bakını azad etmək üçün şəhərə daxil olan Qafqaz İslam Ordusunun döyüş zamanı şəhid olan hərbçilərinin ruhları yad edilib.

Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarı üstünə güllər düzülüb, xatirələri hörmətlə yad edilib və əbədi məşəlin önünə əklil qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir