Yeni tədris ilində Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələrindən biri də Şamaxı rayonunu əhatə edib. Fondun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunub. Bu il Bilik Günündə Heydər Əliyev Fondunun 500-cü məktəbi Şamaxı rayonunun Göylər kəndində şagird və müəllimlərin ixtiyarına verilib.
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev məktəbdə yaradılan şəraitlə tanış olublar.
Anar Ələkbərov şagirdlər və valideynlərlə görüşüb, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırıb, yeni məktəb binasında şagirdlərin yaxşı oxumaları üçün hər cür şərait yaradıldığını bildirib. O, şagirdlərə yaradılan bu şəraitdən istifadə edərək, yaxşı oxumağı tövsiyə edib.
1975-ci ildə inşa olunan Göylər kənd 1 saylı tam orta məktəbin binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun dəstəyi ilə yanvar ayından başlanan tikinti işləri nəticəsində 624 şagird yerlik yeni məktəb binası inşa olunub. Üçmərtəbəli, dörd korpusdan ibarət bina zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Təhsil müəssisəsində zəngin kitabxana, müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı, uşaqların fiziki cəhətdən sağlam böyüməsi və idmana həvəsləndirməsi üçün məktəbin daxilində idman zalı, həyətyanı ərazidə açıq idman meydançası qurulub. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.