“İşğaldan azad olunan rayonlarımızın sakinləri üçün müasir peşə təhsili infrastrukturu yaradılacaq”.
“Report”un Qarabağ bürosu xəbər verir ki, bu fikirləri 15 sentyabr – Bilik Günü münasibətilə Füzuli şəhərində olan elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrinə açıqlamasında deyib.
“Verilmiş tapşırıq ondan ibarətdir ki, ilk mərhələdə 8 peşə təhsili müəssisəsi tikiləcək. Bu məktəblər böyükhəcmli kompleks şəklində inşa olunacaq. Bunlardan birinin təməli artıq dövlət başçısı tərəfindən Füzuli şəhərində qoyulub. Peşə təhsili liseyinin 24 ay ərzində bitməsi proqnozlaşdırılır. O cümlədən, Şuşa şəhərində də peşə təhsilinin inkişafı istiqamətində işlərə başlanılacaq”, – deyə nazir qeyd edib.