Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak etmək məqsədilə Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Finlandiyanın xarici və avropa işləri naziri Elina Valtonen arasında görüş keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Görüş zamanı, nazir Ceyhun Bayramov tərəf müqabilini Ermənistanın ərazilərimizin 30 illik işğalı, Azərbaycan tərəfindən post-münaqişə dövründə Ermənistan ilə ikitərəfli münasibətlərin normallaşması və azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması istiqamətində atılan ardıcıl addımlar haqqında məlumatlandırılıb.
Nazir eyni zamanda Finlandiyalı həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barəsində məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb.
Nazir C.Bayramov vurğulayıb ki, beynəlxalq hüquqa və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın dördüncü paraqrafını kobud şəkildə pozmaqla, Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamasının, bütün mümkün siyasi, hərbi, maliyyə və ideoloji vasitələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı seperatçılığı dəstəkləməkdə və təşviq etməkdə davam etməsinin regionda gərginliyin əsas səbəbi olduğunu bildirib.
Ermənistan və onun tərəfindən Azərbaycanın suveren ərazilərində yaradılmış qanunsuz rejim tərəfindən son günlər ərzində hərbi təxribatların xüsusilə intensivləşdiyi, hərbi-quruculuq işlərinin geniş miqyas aldığı və döyüş mövqelərinin davamlı şəkildə gücləndirilməsinin müşahidə edildiyini, bütün bunların Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə irimiqyaslı hərbi təxribata hazırlıq gördüyünə dəlalət etdiyi qeyd edilib.
Son olaraq, 18 sentyabr tarixində qanunsuz erməni hərbi birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılmış minaların partlaması nəticəsində aralarında ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları, habelə bərpa işlərinə cəlb edilmiş mülki şəxslərin olduğu 6 nəfərin həlak olduğu və 6 nəfərin isə ciddi xəsarət aldığı vurğulanıb.
Silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal anti-terror əməliyyatının müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib.
Nazir C.Bayramov vurğulayıb ki, əməliyyat gedişində mülki şəxslərin və mülki infrastruktura zərər dəyməməsi üçün bütün tədbirlər görülüb.
Nazir anti-terror əməliyyatları nəticəsində erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması tədbirlərinin və erməni sakinlərin Azərbaycanın konstitusyon quruluşu çərçivəsində reinteqrasiyası tədbirlərinin Ermənistanla sülh prosesinə də müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Azərbaycan tərəfi dəfələrlə bəyan etdiyi kimi, Qarabağ İqtisadi rayonunun erməni sakinlərinin bütün hüquq və azadlıqlarını, onların təhlükəsizliyini Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmləri əsasında təmin etməkdə qətiyyətlidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir müdadiləsi aparılıb.