• Şb. Noy 30th, 2024

“Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi” – FOTO

ByYenigun.news

Sen 21, 2023


“Azərbaycan Prezidenti İlham Əliyev dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini, sülhpərvərliyini, sivilliyini dünyaya nümayiş etdirdi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, dövlət başçısının xalqa dünənki müraciəti tarixi əhəmiyyət daşıyır:

“Çünki Azərbaycan dövləti ərazisində olan 30 illik separatizmə son qoyub və bunu şərəflə, qələbə qazanaraq edib. Biz son 30 ildə, ələlxüsus da 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın kimlər tərəfindən himayə edildiyini gördük. Fransa boyda dövlət bizə qarşı açıq düşmənçiliyə keçdi, ərazi bütövlüyümüzü şübhə altına alan addımlar atdı. Tək elə parlamentdə Qarabağdakı qondarma rejimi tanımaq təşəbbüslərini xatırlamağımız kifayətdir. Bu baxımdan, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tək Ermənistanı və ərazimizdə kök salmış aqressiv, radikal separatçılığı, terroru deyil, həm də onları dəstəkləyən dövlətləri, beynəlxalq qurumları, təxribatçı media quruluşlarını, korrupsioner, erməni lobbisinin quluna çevrilmiş siyasətçiləri məğlub etdi. Prezidentin müraciəti həm də onlara ünvanlanmış aydın mesaj idi ki, heç vaxt ərazilərimizi qoparmaq, xalqımızın təhlükəsizliyinə təhdid olmaq xülyasına düşməsinlər”.

Deputat bildirib ki, dövlət başçısının müraciətində xüsusi maraqlı olan məqam Qarabağdakı ermənilərin gələcək aqibətləri ilə bağlı dövlətin yürüdəcəyi siyasətə dair fikirlər idi:

“Prezident İlham Əliyev növbəti dəfə dünyaya xalqımızın humanistliyini, sülhpərvərliyini, sivilliyini nümayiş etdirdi. Bizim bu yanaşmamız tariximizin, həyat tərzimizin inikasıdır. Dövlət başçısı aydın şəkildə bildirdi ki, tək son 30 il deyil, iki əsr ərzində xalqımızın başına gətirilən oyunları sıravi xalqdan qisas predmetinə çevirmək niyyətimiz yoxdur, xalqımız belə cılızlığı tarix boyu sevməyib. Biz öz torpağımızda yaşayırıq, ölkəmizi istədiyimiz kimi inkişaf etdiririk, qonşularımızla sülh şəraitində yaşayırıq, heç kimin torpağında gözümüz yoxdur, ancaq bizə qarşı uzadılan əlləri hər an kəsməyə hazırıq. Necə ki, bunu son üç ildə dəfələrlə sübut etmişik. Ermənilər qanunlarımızın aliliyini qəbul etdikləri halda Qarabağda qalıb yaşayacaqlar. Əli xalqımızın qanına bulaşmayan, dövlətimizə qarşı cinayətlər törətməyənlərin hər birimiz kimi konstitusion hüquqları, din, dil azadlıqları təmin ediləcək. Onların sosial rifahları təmin ediləcək, Azərbaycan cəmiyyətinə tam inteqrasiya olunacaqlar. Prezident bunun təminatını verir. Bütün dünya bilir ki, Azərbaycanın dövlət başçısı nəyi deyibsə, mütləq reallaşdırıb”.

E.Allahverdiyev vurğulayıb ki, Azərbaycan ciddi dövlətdir və onun qarşısında ciddi vəzifələr durur:

“Biz qlobal layihələrin müəllifləriyik və onların mərkəzi rolunu oynayırıq. Bu layihələrdən əldə etdiyimiz gəlirdən Qarabağda qalıb yaşayacaq və qanunlara riayət edəcək erməni sakinlər də faydalanacaq. Bu baxımdan, bizim hədəflərimiz yüksəkdir və Ermənistan kimi vaxtımızı cılız siyasi məsələlərə sərf etmək istəmirik. Qarşımızda yeni inkişaf və sülh mərhələsi açılır. Bu mərhələ Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsi və çiçəklənməsində böyük rol oynayacaq. Kim istəyəcəksə, ondan bəhrələnəcək. Prezident İlham Əliyev bunu aydın şəkildə bəyan etdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir