• Şb. Noy 30th, 2024

“İlin sonuna yaxın Ermənistanla sülh müqaviləsinin bağlanmasına nail olacağıq” – ŞƏRH

ByYenigun.news

Sen 21, 2023


“Azərbaycan Qarabağın ermənilər yaşayan ərazilərində qısamüddətli antiterror tədbirləri həyata keçirdikdən sonra regionda yeni reallıqlar yaranıb. Artıq Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni hərbi birləşmələr tərk-silah olunmaqdadır. Ərazilərimizdə qondarma separatçı qurum yaradan strukturlar bunun ləğv edildiyini bildirirlər”. 

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. O qeyd edib ki, antiterror tədbirləri nəticəsində Azərbaycan tərəfinin tələb etdiyi kimi, Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə normallaşma prosesinin həyata keçirilməsi, reinteqtasiyanın sürətləndirilməsi üzrə görüş keçirilib: 

“Ermənistan tərəfi 44 günlük Vətən müharibəsində anlayıb ki, Azərbaycan işğal altında olan torpaqlarını geri qaytarmaq gücünə sahibdir və bunu etdi. Bu ilin aprel ayında Laçın şəhərində sərhəd-buraxılış məntəqəsi qurmaqla ərazi bütövlüyümüzü təminat altına aldıq. Qarabağda keçirilən antiterror tədbirləri isə suverenliyimizin bütün respublika ərazisində təmin edilməsinin yekunu oldu. Bundan sonrakı müddətdə bütünlükdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi, bölgənin əmin-amanlığa qovuşması üçün addımlar atılacaq. 

Prezident İlham Əliyevin sülh və təhlükəsizliyin təminatı ilə əlaqədar fikirlərini əsas götürərək, bu istiqamətdə hərəkət etmək yerinə düşər. Atılan bütün addımlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda görülən işləri sürətləndirmək, orada dövlət strukturlarımızın qurulması, inkişaf etdirilməsi üçündür. Hazırkı proseslər gələcəkdə Ermənistanla sülhün imzalanmasına da müsbət təsir göstərə bilər. Hesab edirəm ki, ilin sonuna yaxın sülh müqaviləsinin bağlanmasına nail ola biləcəyik. Çünki artıq erməni tərəfinin bəhanələrinə ordumuz son qoyub. Azərbaycanın daxilində “Dağlıq Qarabağ” adlı ərazi yoxdur, Qarabağ iqtisadi rayonu var. Xüsusi statusa malik olan xunta rejimi, qeyri-qanuni silahlı birləşmələr, separatçı və terrorçu strukturlar artıq yoxdur. Bütün bunların nəticəsində indiyə qədər sülhü əngəlləyən məsələlərə son qoyulmuş oldu. Düşünürəm ki, sülhün əldə edilməsi bütünlükdə Cənubi Qafqazın sülh və təhlükəsizlik içərisində yaşamasına müsbət təsir edəcək”. 

Aysel Aslan 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir