• C. Noy 29th, 2024

Səmərqənddə Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının təsis yığıncağı keçirilib – FOTO

ByYenigun.news

Sen 22, 2023


Sentyabrın 22-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) təsis yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının (TÜRK-İŞ) sədri Ərgün Atalay, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arslanbekov və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov və nümayəndələr iştirak ediblər.

Gündəliyə TDHİT-nin yaradılması, Nizamnaməsinin və TDHİT Şurasının tərkibinin təsdiqi, TDHİT-nin prezidentinin, vitse-prezidentinin, baş katibinin, Təftiş komissiyası sədrinin seçilməsi, Təftiş komissiyasının say tərkibinin müəyyənləşdirilməsi, eləcə də qurumun qurultayının çağırılması haqqında məsələlər daxil edilib.

İştirakçıları salamlayan Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdən, həmrəyliyə nail olunması istiqamətində görülmüş işlərdən danışıb, həmçinin, konfransın məqsəd və vəzifələrindən, TDHİT-nin yaradılmasının səbəblərindən və əhəmiyyətindən bəhs edib.

Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev öncə türk dövlətlərinin sıx dostluq və qardaşlıq əlaqələrindən, xüsusilə bu aspektdə son illərdə ölkə rəhbərləri səviyyəsində görülən işlərdən və təşkil olunan qarşılıqlı səfərlərdən, göstərilən qarşılıqlı dəstəkdən, münasibətlərimizin möhkəmlənməsində və inkişafında Türk Dövlətləri Təşkilatının səmərəli fəaliyyətindən söz açıb. TDHİT-nin yaradılmasının zəruriliyinə toxunan Səttar Möhbalıyev bildirib ki, təşkilat ölkələrimizin həmkarlar ittifaqları arasında hərtərəfli əməkdaşlığı daha da dərinləşdirəcək, əməkçilərin hüquq və mənafelərinin birgə müdafiəsinə böyük töhfə verəcək, həmrəyliyi artıracaq.

Tədbirdə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalinin, TÜRK-İŞ-in sədri Ərgün Atalayın, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arslanbekovun çıxışları da dinlənilib.

Yığıncaqda gündəliyə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Birgə qərarla TDHİT yaradılıb. Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov TDHİT-nin prezidenti, AHİK sədri Səttar Möhbalıyev vitse-prezidenti, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin baş katib, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arslanbekov Təftiş komissiyasının sədri seçilib. Həmçinin, TDHİT Şurasının tərkibi təsdiqlənib. Qurumun mənzil-qərargahı Türkiyənin paytaxtı Ankara şəhərində yerləşəcək. Təşkilatın Qurultayının bu il noyabrın 29-da Ankara şəhərində keçirilməsi barədə də müvafiq qərar qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir