• C. Noy 29th, 2024

“Aİ, Almaniya və Fransa siyasi riyakarlıqla Ermənistanı müdafiə etdilər, həqiqətləri demədilər” – RƏY + FOTO

ByYenigun.news

Sen 22, 2023


“Fransanın təşəbbüsü ilə Qarabağla bağlı çağırılan BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) təcili iclası yenə də nəticəsiz başa çatdı. Nə Avropa İttifaqı (Aİ), nə Almaniya, nə də Fransa ermənilərin azərbaycanlılara qarşı törətdiyi mina terroru ilə bağlı heç nə demədilər”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü Azay Quliyev deyib.

Onun sözlərinə görə, bunlar gözlənilən idi:

“Çünki Azərbaycana qarşı Fransa və Ermənistanın BMT TŞ-ni istifadə etmək cəhdi yeni deyildi və heç bir obyektiv əsası olmayan bu cür hücumların iflasa uğraması üçün ölkəmiz öncədən müvafiq işlər görmüşdü. Nəticədə TŞ-də ölkəmiz əleyhinə heç bir sənəd qəbul olunmadı. Əksinə, BMT TŞ-nin bütün üzvləri və dəvət edilən ölkələr yenə də birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etdilər. Bundan başqa, BMT TŞ-nin bir sıra üzvləri Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya olunması prosesini dəstəkləyən bəyanatla çıxış etdilər. Ancaq bəzi çıxışçıların, xüsusilə, Almaniya xarici işlər naziri və Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin Azərbaycana qarşı qərəzli çıxışı diqqətdən yayınmadı. Fransanı isə ayrıca qeyd etməyə ehtiyac yoxdur”.

A.Quliyev təəssüflə vurğulayıb ki, nə Aİ, nə Almaniya, nə də Fransa Ermənistanın Qarabağda saxladığı qanunsuz silahlı birləşmələrın çıxarılmasının vacibliyi və azərbaycanlılara qarşı törətdiyi mina terroru ilə bağlı heç nə demədilər.

“Onlar yenə də ikiüzlülük və siyasi riyakarlıqla Ermənistanı müdafiə etməyə çalışdılar. Almaniya, Fransa və Avropa İttifaqından soruşmaq lazımdır ki, sizin ölkələrin ərazisində qeyri-qanuni silahlı birləşmə, terror təşkilatları və oyuncaq rejimlər, strukturlar mövcud olsaydı, siz onlarla necə davranardınız? Əlbəttə, ordu göndərib onları dərhal məhv edərdiniz. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Azərbaycana qarşı ikili yanaşması, açıq qərəzli və ölkəmizə qarşı Aİ ölkələri adından bəyanat qəbul olunmasına cəhd etməsi isə ümumiyyətlə qəbulolunmazdır və qəti şəkildə pislənilməlidir”, – deyə deputat vurğulayıb.

Qeyd edək ki, ötən gün Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. Toplantı heç bir sənəd qəbul olunmadan başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir