“Avropa parlamentarilərinin Azərbaycan üzərindən fəallıqları erməni lobbisinin maliyyəsini cəlb etməyə hesablanıb”.
Bunu “Report”a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, Azərbaycana qarşı yönəlmiş anti-Azərbaycan şəbəkəsində daha çox təmsil olunan məhz parlamentarilərdir: “Onlar qərb dövlətlərinin parlamentlərində təmsil olunan, eyni zamanda qərb təşkilatlarında yüksək təmsilçilik mövqeləri olan şəxslərdir. Son zamanlar anti-Azərbaycan şəbəkəsinə Fransadan sonra Almaniya da qoşulmağa başlayıb. Almaniyada radikal partiya üzvü olan və Xarici İşlər Nazirliyinə gələn Berbok küçədən siyasətə gəlmiş diplomat hesab olunur. Sözün əsl mənasında onun yolu siyasət səhnəsinə küçə mitinqlərindən keçərək gəlir. Bunun əsas səbəblərindən biri həmin parlamentarilərin böyük əksəriyyətinin seçim kompaniyasını qərbdə olan erməni diasporasının maliyyələşdirməsidir”.
Ekpertin fikrincə, əslində, fransız deputatların əl-ayağa düşməsinin səbəbi Fransanın mövqeyi ilə deyil, ölkə parlamentinə keçiriləcək seçkilərlə əlaqədardır: “Bu baxımdan, Azərbaycan üzərindən fəallıqlarının artması erməni lobbisinin maliyyəsini cəlb etməyə hesablanıb. Həmin parlamentarilər əvvəlcə öz ölkələrində seçilməlidirlər ki, Avropa Parlamentində də təmsil oluna bilsinlər. Onlardan çoxunun da seçki kompaniyası erməni maliyyəsinə əsaslanır ki, bunun da haqqını qaytarmaq lazımdır. Azərbaycanla Rusiyanın müttəfiqliyi tezisini leqallaşdırıb dünya gündəminə gətirməklə Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çalışırlar. Bunun üçün də hər şeydən istifadə ediblər.
Ə.Əlibəyli vurğulayıb ki, bir neçə gün öncə ABŞ ilə Ermənistan arasında keçirilən təlimlərin də məqsədi məhz Ermənistanı Rusiyadan qoparıb burada Qərb ordusunu yerləşdirməkdən ibarətdir: “Bütün bunlar imkan verir ki, Azərbaycanı hədəf alsınlar və ölkədə Rusiya əleyhinə hərbi baza yerləşdirilməsinə nail olsunlar. Lakin unutmaq olmaz ki, Azərbaycan Avropadakı bəzi ölkələrin strateji müttəfiqidir. Strateji müttəfiqlik isə enerji təhlükəsizliyi strategiyasına, eyni zamanda Azərbaycanın coğrafi mövqeyinin verdiyi üstünlüklərə dayanır”.