• Ç. Noy 27th, 2024

Qərbi Azərbaycandan deportasiya üzrə cinayət işlərinin istintaqına araşdırmaçılar cəlb olunublar

ByYenigun.news

Sen 25, 2023


“Qərbi Azərbaycandan deportasiyaya görə bir sıra araşdırmaçılar mütəxəssis kimi cinayət işləri üzrə istintaqa cəlb olunublar”.

“Report”un xəbərinə görə, bunu baş prokurorun müavini Elmar Camalov Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi aspektlərin arasında Ermənistan və onların havadarları tərəfindən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı əsrlər boyu törədilən cinayətlərin müəyyən edilməsi, sübuta yetirilməsi, qanunvericilikdə nəzərdə tutulan qaydada və beynəlxalq standartlara uyğun rəsmiləşdirilməsi, mümkün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi önəmli rol oynayır:

“Bu səbəbdən 2023-cü il martın 30-da Azərbaycanın baş prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 103-cü (soyqırımı), 107-ci (əhalinin deportasiya etmə və ya məcburi köçürmə), 109-cu (təqib) və 120.2-4-cü, 120.2.7-ci (qəsdən adamöldürmə) maddələri ilə cinayət işi başlanıb və cinayət işinin aparılması Respublika Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Cinayət işi üzrə istintaq qrupu yaradılaraq zəruri araşdırmaların aparılması, tarixi həqiqətlərin ortaya çıxarılması, Qərbi Azərbaycanda yaşamış, deportasiya və soyqırımına məruz qalmış şəxslərlə bağlı bütün təsdiqedici materialların toplanması və əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına, Milli Elmlər Akademiyasına, Dövlət Statistika Komitəsinə, Qərbi Azərbaycan İcması İctimai Birliyinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə və digər çoxsaylı aidiyyəti orqanlara müvafiq sorğular edilib, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumlara əməliyyat tapşırıqları göndərilib”.

E.Camalov bildirib ki, bu barədə tədqiqat aparmış bir sıra araşdırmaçılar sübutların toplanması məqsədilə cinayət təqibi prosesinə mütəxəssis qismində cəlb olunublar:

“Tarixçi və dilçi alimlər dindirilib, çoxsaylı kitablar və tarixi sənədlər əldə edilməklə iş materiallarına əlavə edilib və digər bu kimi zəruri prosessual tədbirlər icra olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir