Fransanın Prezidenti Emmanuel Makron 2023-cü il sentyabrın 24-də Fransanın “TF1” və “France 2” televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycanı guya Ermənistanın ərazi bütövlüyünə təhdid törətməkdə ittiham edib və Qarabağda humanitar problemlərin olmasını iddia edib.
Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.
Qeyd olunub ki, Fransa hökuməti son 30 ildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləmə yolu ilə bir milyona yaxın azərbaycanlını evindən qovmasına, Azərbaycan ərazilərinin əhəmiyyətli bir hissəsini viran qoymasına heç vaxt münasibət bildirməyib. Fransa Ermənistanda bir nəfər də olsun azərbaycanlının qalmamasına göz yumur. Əksinə, Fransa bütün vasitələrlə Ermənistanı müdafiə edərək, onun bu əməllərinə şərik olub.
Belə olan təqdirdə, iki ölkə arasında davamlı sülh üçün ümidlər yarandığı bir məqamda Fransa prezidentinin destruktiv, təhrikçi və yanlış bəyanatı bu dövlətin regionda sülhdə maraqlı olmadığını göstərir.
Biz Fransa hökumətini öz bəd əməllərindən əl çəkməyə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa, Azərbaycan hökumətinin reinteqrasiya tədbirlərinə maneə olmamağa və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməyə çağırırıq.