“Azərbaycan lokal antiterror tədbirləri həyata keçirməklə bütün ərazisində suverenliyini tam bərpa etdi və uzun müddətdir davam edən Qarabağ münaqişəsinə son qoydu”.
Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Dayanıqlı inkişafın əsasları və təhlükəsiz gələcək” mövzusunda keçirilən IV Beynəlxalq konfransda deyib.
“Gələcək planlara Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası daxildir. Eyni zamanda, Azərbaycan mehriban qonşuluq mövqeyindədir və Ermənistanla sülh sazişi imzalamağı qarşısına məqsəd qoyub”, – F.Hüseynəliyev bildirib.
O vurğulayıb ki, Azərbaycan çoxmillətli ölkədir və Qarabağın erməni əhalisinə bütün azərbaycanlılarla bərabər hüquqlar təklif edir:
“Eyni zamanda, ermənilərin Qarabağı tərk etməsini əks etdirən videogörüntülərə nəzər yetirərkən onların bəzilərinin azərbaycanlılarla birgə qalıb yaşamaq imkanından belə xəbərsiz olduqlarını eşidirsən”.
Media rəsmisi qeyd edib ki, antiterror tədbirləri başa çatdıqdan sonra Bakının mərkəzi orqanları artıq bir neçə dəfə Qarabağa ərzaq yardımı, tibbi avadanlıq göndərib:
“Hətta Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralananların Azərbaycanın digər şəhərlərindəki klinikalara köçürülməsini təklif ediblər. Artıq erməni sakinlərinin nümayəndələri ilə iki görüş keçirilib, görüşlərdə onların reinteqrasiyası məsələləri müzakirə olunur”.
F.Hüseynəliyev Azərbaycanla Ermənistan arasında münaqişənin və Qarabağ müharibələrinin tarixindən də danışıb, 30 ildir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə danışıqların aparıldığını, lakin heç bir nəticə olmadığını vurğulayıb:
“Azərbaycan ərazisinin 20 faizi 30 ilə yaxın işğal altında olub. Bütün həmvətənlərimiz buradan qovularaq, etnik təmizləmə aparıldı – bir nəfər də olsun azərbaycanlı qalmadı”.
Xatırladaq ki, 2020-ci ildə müharibə başa çatdıqdan və üçtərəfli saziş imzalandıqdan sonra da Ermənistanın qeyri-qanuni silahlı birləşmələri bu ərazilərdə qalmaqda davam edib. Onlar Azərbaycan mövqelərini atəşə tutub, eləcə də minalayıblar. Bunu 2021-ci il istehsalı olan aşkarlanmış minalar sübut edir. Belə ki, sentyabrın 19-da ikisi mülki olmaqla 6 nəfər mina qurbanı olub. Bu da səbir kasasını daşıran son damla oldu. Bundan sonra lokal antiterror tədbirləri başladıldı.