• Şb. Noy 23rd, 2024

Operativ Qərargah: Konsert keçirən restoranların rəhbərləri cəzalandırılacaq

ByYenigun.news

İyn 8, 2021

Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin pozulması hallarına dair məlumat yayıb.

Qərargahdan verilən məlumata görə, Operativ Qərargahın koronavius (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyi qərarlar və onların icrasına ciddi nəzarətin təbiq edilməsi, vətəndaşlar tərəfindən tələblərə intizamla riayət olunması nəticəsində Azərbaycan bu sahədə ən uğurlu ölkələr sırasındadır.

Qeyd olunub ki, xüsusi karantin rejiminin tətbiqi sahəsində əldə olunmuş müsbət tendensiya peyvəndləmə prosesində də müşahidə olunmaqdadır: “Azərbaycan peyvəndləmənin başladığı ilk ölkələr sırasında olub. Vətəndaşların ölkəmizə gətirlmiş peyvəndlərə yüksək etimadı təmin olunub və hazırda peyvəndləmə prosesi yüksək sürətlə davam edir. Görülmüş operativ tədbirlər nəticəsində yoluxmaların sayının azalması, sağalanların sayının yoluxanların sayını üstələməsi, peyvəndlənmənin sürətlənməsini nəzərə alaraq Operativ Qərargah mayın 31-dən başlayaraq xüsusi karantin rejiminin tədricən yumşaldılmasına başlayıb və yumşalmaya dair qəbul edilmiş qərarların növbəti qrupu iyunun 10-dan etibarən tətbiq olunacaq. Eyni zamanda, müsbət tendensiyanın saxlanılması mövcud karantin qaydalarına ciddi riayət etmək sayəsində mümkündür”.

“Ancaq, son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və Respublikanın Baş sanitar həkiminin təlimatlarını kobud şəkildə pozduqları haqda faktlar aşkarlanıb. Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozmuş, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıblar. Operativ Qərargah bildirir ki, qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək. Operativ Qərargah fiziki, hüquqi və vəziəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırır və bir daha xəbərdarlıq edir ki, qaydalara və tələblərə əməl olunmadığı təqdirdə qanuna uyğun ciddi tədbirlər görüləcək”- deyə Qərargahdan bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir