Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib.
“Yenigun.news” “Report”a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib.
Sərəncama əsasən, sözügedən vəzifə Rövşən Mürvət oğlu Rüstəmova həvalə olunub. O, bu təyinata qədər “Azərkosmos” ASC-nin sədr müavini və müvəqqəti rəhbəri vəzifəsində çalışıb, ondan əvvəl isə səhmdar cəmiyyətdə korporativ idarəetmə üzrə müşavir, nazirliyə məxsus “Azərpoçt” biznesin inkişafı şöbəsinin müdir müavini, əməliyyatlar şöbəsinin müdiri olub.
Xatırladaq ki, E.Vəlizadə 2007-ci ildən rabitə və informasiya texnologiyaları nazirinin müavini, 2014-cü ildən rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2018-ci ildən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini olub.