Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü demək olar ki, layihə ilə nəzərdə tutulmuş həcmlərə çatmaq üzrədir.
“Yenigun.news” “EADaily” agentliyinə istinadən xəbər verir ki, bir tərəfdən, 2021-ci ildə onun yarı gücü ilə işə salınması planlaşdırılmışdı, digər tərəfdən isə, müqavilələrdən birinin uzadılması ilə bağlı Türkiyə ilə danışıqlar hələ davam etdiyindən Azərbaycanın artıq qaz ehtiyatları yaranıb.
2021-ci ildə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropaya 5 milyard kubmetr həcmində qaz ixracı planlaşdırılmışdı. Gələn il isə kəmərin layihə həcminə, yəni 10 milyard kubmetrə çatdırılması nəzərdə tutulmuşdu. Lakin CQD-nin Avropa platforması operatorlarının məlumatları göstərir ki, Xəzər qazının ixrac həcmi artıq bu il 9 milyard kubmetrə çata bilər.
Bu ilin əvvəlindən (5 ay yarım ərzində) layihənin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2,9 milyard kubmetr qaz ixrac edilib, orta günlük tədarük həcmi isə 17,6 milyon kubmetr olub. Lakin hələ aprel ayının sonlarında qaz tədarükü gündəlik 20 milyon kubmetri aşıb, iyunda isə gündəlik təxminən 25 milyon kubmetr səviyyəsində qalmaqdadır.
Agentliyin yazdığına görə, bu artım Türkiyənin “Botas” şirkətinin “Şahdəniz-1” layihəsinin operatoru “BP-Azerbaijan” şirkəti ilə illik 6,6 milyard kubmetr həcmində qaz ixracını nəzərdə tutan və müddəti aprelin 17-də başa çatan uzunmüddətli müqaviləni uzatmaması və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə qaz ixracının dayanması ilə izah olunur. Eyni zamanda, “Şahdəniz-1” və “Şahdəniz-2″də qaz hasilatı 50 milyon kubmetrdən artıqdır və həmin “artıq qaz” həcmləri Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya yönləndirilib.
Layihənin səhmdarları üçün qaz bazarındakı vəziyyət indiyədək heç olmayan qədər çox uğurlu alınıb. Bir tərəfdən, Azərbaycanda artıq qaz həcmləri yaranıb. Digər tərəfdən, anbarlarda ehtiyatlar rekord dərəcədə az olduğundan və digər tədarükçülər AB ölkələrinə qaz ixracını artıra bilmədiyindən, Avropada qaza əlavə tələbat yaranıb. Məsələn, “Qazprom” Ukraynanın böyük tranzit həcmlərini almır.
Gündəlik Avropaya tədarük edilən 25 milyon kubmetr Xəzər qazınının təxminən 21 milyon kubmetri İtaliyaya çatdırılır. GIE-nin məlumatına görə, ölkə iyun ayının ortalarında anbarların ən yüksək dolma səviyyəsinə (62 %) malikdir, lakin eyni zamanda ötən illə müqayisədə qaz vurulması baxımından 1 aylıq gecikmə mövcuddur.
Rusiya qazının İtaliyaya ixracı son 4 ilin ən aşağı səviyyəsindədir. Əgər 2018, 2019 və 2020-ci illərdə Avstriya vasitəsilə İtaliyaya gündəlik 84−88 milyon təbii qaz ixrac edilirdisə, builki göstərici 71 milyon kubmetrə bərabərdir.
Azərbaycan qazının ixracına qiymətlərin yüksək olması da təsir göstərir. Belə ki, İtaliyanın PSV habında iyul ayı üzrə qaz tədarükünün qiyməti 1 000 kubmetr üçün 320 ABŞ dollarından yüksəkdir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tǝbii qazın kommersiya tədarükünə 31 dekabr 2020-ci il tarixindən başlanılıb. Layihənin əsas komponentlərinə “Şahdəniz” layihəsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin uzadılması (Bakı-Tbilisi-Ərzurum), Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinədək uzanan Trans-Anadolu Boru Kəmərinin (TANAP), habelə Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik Boru Kəmərinin çəkilməsi daxildir.
TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.