• Şb. Noy 23rd, 2024

Peter Dunai: “Macarlar şərq xalqıdırlar, həm türklərlə, həm də azərbaycanlılarla qohumdurlar” – MÜSAHİBƏ

ByYenigun.news

May 17, 2024




Son bir neçə həftə ərzində Macarıstan Cənubi Qafqazla bağlı ciddi fəallıq nümayiş etdirir. Elə bu günlərdə ölkə Avropanın Gürcüstana qarşı sanksiyalarına veto qoyacağını açıqlayıb. Avropa institutları Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanuna (xarici agentlər haqqında qanun) baxılmasından və sonra qəbul edilməsindən narazıdırlar.

Aprelin sonunda Macarıstan Ermənistana Avropa İttifaqının Sülh Fondundan 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini blok edib. Budapeşt Azərbaycanın proqrama daxil olunmasını tələb edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Macarıstana səfəri Budapeştin mövqeyinə təsir etməyib.

Bundan əlavə, Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştin Aİ-yə sədrliyi dövründə (1 iyul tarixindən) Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün səy göstərəcəyinə söz verib:

“Biz ümid edirik ki, gələcək sülh müqaviləsi iki ölkə arasında sabit, uzunmüddətli sülhü təmin edəcək. Onlar buna layiqdirlər”.

Macarıstanın türk dünyası ilə əlaqələri xüsusi diqqətə layiqdir. Bu ölkə Türk Dövlətləri Təşkilatında (OTS) müşahidəçi statusuna malikdir və Macarıstanın mədəniyyət və innovasiyalar naziri Yanoş Çakın bu yaxınlarda Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində dediyi kimi, macarlar özlərini Orta Asiyadan olan türk xalqı hesab edirlər.

Macar jurnalist və analitik Peter Dunai Oxu.Az-a müsahibəsində Macarıstanın regionumuzdakı fəaliyyətini belə şərh edib:

– Macarıstanın Cənubi Qafqazda iqtisadi və siyasi maraqları var. İqtisadi maraqlar ilk növbədə Azərbaycandan, Orta Asiyadan Azərbaycan, Türkiyə və Balkan ölkələri vasitəsilə enerjinin ötürülməsindən ibarətdir. Buna təbii qaz, elektrik enerjisi aiddir. Macarıstanla Azərbaycan arasında siyasi simpatiya da var. Bir çox məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür, ümumi maraqları var. Təbii ki, Budapeşt Cənubi Qafqazda hər hansı münaqişənin olmasını istəmir.

Gürcüstana gəlincə, məncə, o, kifayət qədər çətin vəziyyətdədir. İki il əvvəl hamı Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu alacağını gözləyirdi, lakin Brüsseldə siyasi səbəblərdən Gürcüstanı kənara sıxışdırmaq qərarına gəldilər, əvəzinə Ukrayna və Moldova namizəd oldular. Yalnız ötən ilin sonunda Gürcüstan çoxdan gözlənilən statusu aldı.

İndi vəziyyət elədir ki, gürcü cəmiyyəti parçalanıb, hansı istiqamətdə hərəkət etməklə bağlı ümumi fikir yoxdur. Gürcüstan Rusiya ilə düşmənçilik etmək istəmir, lakin eyni zamanda Qərblə də yaxın olmaq istəyir. Bu isə çox çətin vəziyyətdir. Tbilisidə gürcü fəalların fikrincə, Rusiyanın qanununa çox oxşar olan “Xarici təsirin şəffaflığı haqqında” Qanuna etirazlar keçirilir. Macarıstan bu ölkədəki vəziyyəti izləyir, lakin biz bunu Gürcüstanın daxili işi hesab etdiyimiz üçün rəsmi mövqeyimizi bildirməmişik.

Ermənistana gəlincə, bizim bu ölkə ilə o qədər də sıx əlaqələrimiz, xüsusi iqtisadi maraqlarımız yoxdur. Bizim üçün vacibdir ki, regionda sakitlik bərqərar olsun və ermənilər başa düşsünlər ki, Qarabağ məsələsi keçmişdə qalıb, bura Azərbaycanın qanuni ərazisidir və bununla barışmalıdırlar.

Yeri gəlmişkən, Ermənistan çətin vəziyyətdə qalıb. Fransa erməniləri silahla təmin etmək qərarına gəlib, baxmayaraq ki, bu heç bir şəkildə vəziyyəti dəyişməyəcək, çünki erməni silahlarının 90-95%-i Sovet İttifaqında və ya Rusiyada istehsal olunub. Beləliklə, Fransanın tədarükləri bölgədəki güc balansını dəyişdirmir. İrəvan indi Moskva və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə yeni münasibətlər qurmağa çalışır.

Amma ilk növbədə Ermənistana qonşu Azərbaycanla bağlı vəziyyəti həll etmək lazımdır. Bu, İrəvan üçün həyati məsələdir və bunun üçün siyasi iradə lazımdır.

– Gəlin Macarıstanın müşahidəçi qismində iştirak etdiyi Türk Dövlətləri Təşkilatına və ölkənizin türk dövlətləri ilə münasibətlərinə toxunaq. Bu yaxınlarda Macarıstanın mədəniyyət və innovasiyalar naziri Yanoş Çak bildirib ki, macarlar üçün Türkiyə böyük qardaş kimidir, macarların özləri isə türk xalqıdırlar. Yanoş Çak əlavə edib ki, Budapeşt Türkiyəyə Macarıstanın strateji tərəfdaşı kimi baxır. Bunlar Macarıstan, Azərbaycan və Türkiyə arasındakı əlaqəni göstərən çox maraqlı açıqlamalardır. Bir çox Avropa və beynəlxalq platformalarda ənənəvi olaraq Azərbaycan və Türkiyəyə dəstək verən Macarıstanın hərəkətlərində bu amil rol oynayırmı?

– Hesab edirəm ki, Macarıstanın türk dövlətləri ilə münasibətləri dərin qarşılıqlı rəğbətə əsaslanır, bu Macarıstanla Azərbaycan arasında, Macarıstanla Türkiyə və digər ölkələr arasında mövcuddur. Budapeşt bu əlaqələri dəstəkləyir. Bizdə türk dünyasına mənsubluq hissi var, biz şərq xalqıyıq, həm türklərlə, həm də azərbaycanlılarla qohumuq. Bu, bir çox cəhətdən bizim siyasi fəaliyyətimizi müəyyən edir.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir