Dövlət və hökumət başçılarının terrora, sui-qəsdə məruz qalması çox ciddi təhlükəsizlik məsələsidir. Çünki onlar həm də dövləti təmsil edirlər, onun simvoludurlar. Vətəndaşlar dövlətin idarəedilməsi ilə bağlı hüquqlarını səsvermə yolu ilə onlara həvalə edirlər. Bu baxımdan dövlət və ya hökumət başçısına istənilən şəkildə fiziki hücum vətəndaşlara qarşı da sayğısızlıq kimi dəyərləndirilə bilər.
Mayın 15-də Avropa İttifaqının üzvü Slovakiyada baş verən silahlı hücum heç bir dövlətin terrordan, sui-qəsddən sığortalanmadığı deyiminə bir daha haqq qazandırdı.
Təhlükəsizliyinin səviyyəsindən, yaxud hüquqların təminindən asılı olmayaraq istənilən dövlət bu cinayətlə üzləşə bilər. Slovakiyanın Baş naziri Robert Fitso Qandlov şəhərində səyyar hökumət iclasından sonra hücuma məruz qalıb. Ona odlu silahdan atəş açmaqda şübhəli bilinən 71 yaşlı ədib, siyasi fəal Yuray Tsintul da saxlanılıb.
Hökumət başçısı müalicə olunur, şübhəli ilə bağlı cinayət işi davam edir.
Kimdir Fitso? Ona niyə atəş açılıb? 59 yaşlı baş nazir Demokratik Sol Partiya sıralarından çıxaraq 1999-cu ildə Kurs – Sosial Demokratiya (SMER) Partiyasını yaradıb. Bu siyasi təşkilat parlament seçkilərində üç dəfə qalib gəlib. Robert Fitso 2006-10, 2012-18-cı illərdə baş nazir olub. O, üçüncü dəfə 2023-cü ilin oktyabrında SMER parlament seçkisində qalib gələndən sonra üçüncü dəfədir ki, hökumətə başçılıq edir.
Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər gərgin olsa da, Fitso Rusiyaya qarşı dostluq mövqeyini saxlayır: “Moskva və Kiyev arasında münaqişənin hərbi yolla həlli yoxdur. Buna görə də Avropa Ukraynaya ayrılan vəsaitin mənası barədə düşünməlidir”.
Baş nazir, həmçinin, Kiyevə silah verməkdən imtina edib. O, üçüncü dünya müharibəsi təhlükəsi səbəbindən Slovakiyanın Ukraynanın NATO-ya üzvlüyünə mane olacağına söz verib.
Fitso rus dilini də bilir. O, Rusiya və keçmiş SSRİ-nin siyasi-ideoloji xəttini müdafiə edən, terrora, yaxud sui-qəsdə məruz qalan ilk ölkə lideri deyil. 1986-cı il fevralın 28-də İsveçin baş naziri, Sosial Demokrat Partiyasının lideri Sven Ulof Yoakim Palme vəzifə səlahiyyətlərini icra edən zaman qətlə yetirilmişdi. O, 1960-70-ci illərdə ABŞ-nin Vyetnamda apardığı müharibəyə qarşı çıxıb. 1968-ci ildə isə Sovet qoşunlarının Çexoslovakiyaya, 1979-cu ildə isə Əfqanıstana yeridilməsinə qarşı çıxıb. U.Palme Fələstin Azadlıq Təşkilatına siyasi və maliyyə dəstəyinin verilməsini təşviq edib. O, 1984-cü ildə Almaniya Demokratik Respublikasına rəsmi səfər edərək ölkə başçısı Erix Honekkerlə görüşüb, Çili dövlət başçısı Auqusto Pinoçeti tənqid edib. Palme İsveç silahlarının və hərbi texnikasının xaricə, xüsusən də “Nobel Industrier”, FFV, “Bofors”, “Ericsson” və s. kimi iri hərbi sənaye şirkətlərinə ixracının qarşısını alıb və s.
Başqa bir hadisə isə 2003-cü il martın 12-də baş verib: Serbiyanın baş naziri Zoran Cinciç qətlə yetirilib. O, Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviç rejiminin devrilməsi və onun Haaqa məhkəməsinə verilməsinin tərəfdarı olub. Baş nazirin qətlinə görə 36 nəfərə qarşı cinayət işi başlanıb. Onların hər biri 30-40 il müddətinə azadlıqdan məhrum edilib.
U.Palme ilə R.Fitsonun siyasi-ideoloji dünyagörüşlərində yaxınlıq var. Hətta vaxtı ilə İsveçin baş nazirini Sovet İttifaqına yaxın siyasi fiqur sayırdılar. Bununla belə, o, Nobel Sülh mükafatına layiq görülüb.
Fitso da müharibəyə qarşı çıxış etsə də, Aİ üzvlərindən fərqli olaraq, Ukraynaya hərbi texnika baxımından yardım etmək istəmədiklərini bildirir.
Ehtimal etmək olar ki, onun Ukrayna ilə bağlı mövqeyini qəbul etməyənlər də var.
Qərb siyasiləri, rəsmiləri və KİV-i Avropada terrorları müsəlman ölkələrindən gəlmələrin törətdiklərini bildirirlər. Məsələn, bu il martın 26-da Slovakiya parlamenti sədrinin müavini Lyuboş Blaq bildirmişdi ki, Ukraynada daimi yaşayış yeri olan tacikistanəsilli, terrorda şübhəli bilinən, Slovakiyada saxlanılan şəxs əvvəlki hökumət dövründə sərhədlərin açılması səbəbindən ölkəyə gəlib.
Sədr müavini bunun ardınca deyib ki, ölkəsinə müxtəlif yerlərdən miqrantlar və “Tacikistandan terrorçular” toplaşıblar: “Moskvada terror aktını törədənlər… məhz bu ölkədən olublar”.
Baş nazir Fitsoya sui-qəsd cəhdi terroru mütləq islam ölkələrindən olan miqrantların törətdiklərinə dair iddiaları bir daha puça çıxarır. Yeri gəlmişkən, 2011-ci il iyulun 22-də Norveçin paytaxtı Osloda Anders Berinq Breyvikin törətdiyi terror nəticəsində 77 nəfər ölmüş, 97 nəfər yaralanmışdı. O, əməlini etiraf etsə də, özünü təqsirkar bilməmişdi. Breyvik xristianlığın lüteran cərəyanına etiqad edir.
Ehtimal etmək olar ki, Avropada fərqli siyasi-ideoloji düşüncə ilə bağlı məsələ silahlı müdaxilə ilə də həll edilir. Fitsoya silahlı hücum Avropa İttifaqına üzv ölkələr arasında ortaq siyasi xəttin olmadığını da üzə çıxarıb.
Bu hadisəni Avropada Rusiyaya münasibətin göstəricisi kimi də anlamaq mümkündür.
Qərb ölkələrində terrorlar müsəlmanlarla əlaqələndirilir, onlara qarşı təbliğat aparılır. Bu bloka aid ölkələrə islam dövlətlərindən miqrantların gəlişinə məhdudiyyətlər qoyulur. Sanki bütün müsəlmanlar terrorçudurlar. Ancaq bəhs etdiyimiz hadisələr sübut edir ki, islamofob ideoloqların irəli sürüb reallaşdırdıqları, yaxud həyata keçirməyə cəhd göstərdikləri bu ideya əsassızdır. Bunu Breyvik, şübhəli Yuray isbatlayıblar. Belə cinayətlərin ardının olacağı istisna deyil. Ancaq bu əməllərdən mədəniyyətlərin və dinlərin bir-birinə qarşı qoyulmasında istifadəsi insanlığa təhlükədir.
“Report” İnformasiya Agentliyi