12 oktyabr 2026-cı il tarixində Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana rəsmi səfər etmişdir. Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Kambocanın Baş naziri Hun Manet arasında rəsmi qarşılanma mərasimi keçirilmiş, həm məhdud, həm də geniş tərkibdə görüşlər baş tutmuşdur. Keçirilən görüşlərdən sonra tərəflər mətbuat üçün birgə bəyanatlarla çıxış etmişlər.
Səfər çərçivəsində Prezident İlham Əliyev bildirmişdir ki, Kamboca Baş nazirinin Azərbaycana səfəri çox məhsuldar olacaq və iki ölkə arasında ikitərəfli əməkdaşlıq siyasətinin davamını təşkil edir. Görüşlər zamanı ikitərəfli ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, müdafiə, təhlükəsizlik, təhsil, aviarabitənin qurulması və birgə işçi qruplarının yaradılması kimi vacib məsələlər müzakirə olunmuşdur. Həmçinin sovet dövründə Azərbaycanda kambocalı tələbələrin təhsil alması ənənəsinin bərpa edilməsi imkanları diqqət mərkəzində saxlanılmışdır. Hun Manet Kamboca Kralı Həzrətlərinin adından Prezident İlham Əliyevi Kambocaya rəsmi səfərə dəvət etmişdir.
İki ölkə arasında parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir. Azərbaycan Milli Məclisi və Kamboca Parlamenti arasında fəaliyyət göstərən dostluq qrupları, həmçinin beynəlxalq parlament platformalarında (Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və Parlamentlərarası İttifaq) deputatların nümayiş etdirdiyi qarşılıqlı dəstək ikitərəfli siyasi dialoqun vacib tərkib hissəsidir. Çoxtərəfli diplomatiya müstəvisində, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində göstərilən həmrəylik parlament müstəvisində də ardıcıl şəkildə davam etdirilir.
Səmədova Hicran
Saatlı şəhər Bülbül adına UMM–nin fortepiano müəllimi
