Azərbaycan tarixən Avropa ilə Asiyanın qovuşduğu coğrafi məkanda yerləşərək müxtəlif sivilizasiyalar arasında mədəniyyət körpüsü rolunu oynayıb. Əsrlər boyu ölkəmizdə fərqli xalqların adət-ənənələri, dilləri və dini baxışları qarşılıqlı əlaqədə olub, bu müxtəliflik cəmiyyətimizin mədəni zənginliyinə təsir göstərib. Şərqlə Qərbin qovuşduğu bu məkan Azərbaycanı fərqli mədəniyyətlərin görüşdüyü və qarşılıqlı anlaşmanın formalaşdığı ərazilərdən birinə çevirib.
Multikulturalizm, dini dözümlülük və etnik müxtəlifliyə hörmət xalqımızın tarixən yaşatdığı dəyərlər sırasındadır. Bu ənənələrin qorunması cəmiyyətdə qarşılıqlı etimadın, birgəyaşayışın və ictimai həmrəyliyin möhkəmlənməsinə şərait yaradır. Müxtəlif mədəniyyətlərin və inancların nümayəndələrinin bir arada yaşaması insanların bir-birini daha yaxşı tanımasına, fərqliliklərə hörmətlə yanaşmasına və ortaq dəyərlər ətrafında birləşməsinə imkan verir.
Azərbaycan cəmiyyətində sabitliyin və inkişafın mühüm amillərindən biri də ictimai ahəngdarlıqdır. Ölkə Konstitusiyasına əsasən, bütün vətəndaşlar qanun qarşısında bərabərdir və bərabər hüquq və azadlıqlara malikdirlər. Etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq, hər bir insanın hüquqlarına hörmət edilməsi cəmiyyətin bütövlüyü baxımından əhəmiyyət daşıyır. İnsanların özlərini vahid cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hiss etməsi qarşılıqlı anlaşmanı gücləndirir.
Bu dəyərlərin qorunması yalnız milli birlik üçün deyil, həm də beynəlxalq mədəni dialoqun inkişafı baxımından vacibdir. Azərbaycan tarixən formalaşmış multikulturalizm ənənələrini yaşatmaqla müxtəlif xalqlar və dinlər arasında dialoqun, əməkdaşlığın və sülh şəraitində birgəyaşayışın təşviqinə töhfə verməyi qarşıya məqsəd qoyur.
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Hüseyn Eynullayev
