Bakı da daxil olmaqla Mingəçevir, Gəncə, Göyçayda, Şirvanda keçirilən toy mərasimləri zamanı daha çox nöqsanlar aşkarlanır.
Yenigun.news xəbər verir ki, bu barədə mediaya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, tək Bakıda deyil, bütün regionlarda toy mərasimləri keçirilən zaman karantin rejiminin müvafiq normalarının gözlənilməsinə xüsusi diqqət ayrılır:
“Sadalanan ərazilərdə aşkarlanan qayda pozuntuları daha çox 50 nəfərdən 150 nəfərə qədər olan məclislərində müvafiq COVID-19 pasportunun olmamasıdır. Bu faktla tez-tez qarşılaşırıq. Bununla yanaşı, qonaqların qeydiyyatdan keçirilməməsi də ciddi nöqsanlardan biridir. Həmin hallara görə şəxslər barəsində qanunvericiliyin müvafiq normalarına əsasən inzibati tənbeh tədbirləri görülür.
COVID-19 pasportu olmayan şəxslər isə hər hansı qaydada inzibati məsuliyyətə cəlb edilmirlər. Burada məsuliyyət restoran rəhbərliyinin və toy sahibinin üzərinə düşür. Çünki, toy mərasiminə beş gün qalmış tərəflər arasında iltizam sənədi imzalanr. Həmin sənədə müvafiq olaraq, tərəflər öz üzərinə öhdəçilik götürür. Həmin normaların pozulacağı təqdirdə tərəflər məsuliyyətə cəlb olunur”.