• Be. Noy 25th, 2024

MÜZƏFFƏR ORDUMUZ QÜRURUMUZDUR

Byadmin

Sen 28, 2021

Yaşadığımız günlər Azərbaycan tarixinin ən zəfərli, şanlı, şöhrətli günləridir. Xoşbəxtik ki, Azərbaycan tarixinin məhz bu dövründə yaşamaq bizə nəsib olub. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında, onun qətiyyəti, yenilməz sərkərdəlik məharəti ilə xalqımıza bəxş olunan bu möhtəşəm Qələbənin sevincini hər bir soydaşımız böyük qürur hissi ilə yaşayır. Azərbaycan xalqı öz Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan Ordusunun arxasındadır. Bu birlik Vətən müharibəsində qalib gəldiyi, Qarabağı qaytardığı kimi, Qarabağa həyat və inkişaf gətirəcək. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək.

  Həmçinin cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dolğun iqtisadi siyasət, ölkənin gündən-günə inkişaf etməsinə, iqtisadi siyasətin davamı olaraq sosial siyasətin əhalinin rifah halının yüksəlməsinə yönləndirilməsinə gətirib çıxardı. Eyni zamanda ölkədə siyasi proseslərin tənzimlənməsi, siyasi dialoqun təmin olunması milli birliyin və həmrəyliyin daha da güclənməsinə imkan verdi. Aparılan islahatlar ölkəmizin daha da demokratikləşməsinə şərait yaratdı və nəticədə vətəndaş cəmiyyətini daha da gücləndirdi. Bütün bu uğurlar ona gətirib çıxardı ki, biz bu müharibəyə həm iqtisadi cəhətdən, həm hərbi və həm də beynəlxalq gücləri öz tərəfimizə çəkmək cəhətdən artıq hazır olduq. Proseslər elə inkişaf etdi ki, danışıqlar ümumiyyətlə dayandırıldı. Ermənistan tərəfinin hərbi və siyasi təxribatları ucbatından danışıqlar dalana dirəndi. Və Ermənistan tərəfindən son hərbi təxribat sentyabrın 27-də baş verdi. Nəticədə Ali Baş Komandan öz vətəndaşlarını qorumaq, ərazi bütövlüyünü təmin etmək məqsədilə əks-hücum əməliyyatı əmrini verdi.

    27 sentyabrdan dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı. Bunun adı Vətən müharibəsidir. Azərbaycanın Qələbə salnaməsi tarixə yazıldı.

    Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və işğala son qoydu. Azərbaycan 27 il idi ki, kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdı. Cənab Prezidentin dediyi kimi, “...Biz yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı”. Azərbaycan bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını yaratdı. Hər halda həm regionda, həm dünyada heç nə, xüsusilə geosiyasi vəziyyət əvvəlki kimi olmayacaq.

   Azərbaycanın öz hərbi qüvvələri ilə işğalçıları məğlub etməsi, xalqın inamını özünə qaytardı. İctimai şüurda sağlam əhval-ruhiyyə baş qaldırdı. Vətəndaşların bir-birinə olan münasibəti yeni səviyyəyə qədəm qoydu. Qarşılıqlı hörmət, qayğıkeşlik, mənliyin milli şüura əsaslanması, milli dəyərlərə diqqətin artması, mədəni irsə olan münasibəti dəyişməklə bərabər həmçinin Azərbaycan gəncində qələbə əzmini artırdı. Minlərlə adamı həyatdan məhrum etmiş mexanikləşdirilmiş qırğından müharibənin cəfasını ürəyinin içərisində yaşamış, məşəqqətləri adlamış, adı və özü böyük ƏSGƏR qalib çıxdı, Ermçəni faşizmi məhz o əsgərin qızıl qanı bahasına tarmar edildi. Böyük Qələbənin ehtiva etdiyi, xalqımıza bəxş etdiyi nə varsa, bütün mahiyyəti ilə əsgər zəhmətinin bəhrəsidir, ona və nəsillərinə halaldır.

Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi və bu gün də yetirir.
Varid Əsgərov, Cəlilabad RİH baş məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir