Müstəqil Azərbaycan milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasətində ayrı-ayrı dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verir. Belə məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə yüksəksəviyyəli münasibətlərə malikdir. Respublikamızın Avropa İttifaqına (Aİ) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərlə, həmçinin əksər beynəlxalq qurumlarla münasibətləri də yüksələn xətlə inkişaf edir. Bütövlükdə, Azərbaycan öz imkanlarını təqdim etməklə və xoş niyyət sərgiləməklə həm regionda, həm də qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına özünün sanballı töhfələrini verir. Eyni zamanda, respublikamızın beynəlxalq miqyasdakı müsbət rolu, meydana çıxan yeni çağırışların adekvat tədbirlərlə önlənməsi üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüsləri bütün dünyada yüksək dəyərləndirilir.
Respublikamız Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına davamlı töhfələr verir. 2005-ci ildən etibarən Azərbaycan hərəkatda təmsil olunan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycanın qurumun fəaliyyətinə bu və ya digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib.
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik fəaliyyətinin yeni çağırışlara adekvatlılığını təmin etməyə çalışır. Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, ölkəmizin Hərəkatın sədri statusunda irəli sürdüyü təşəbbüslər bütövlükdə, QH-nin beynəlxalq səviyyədə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın QH-nin sədri kimi ən uğurlu fəaliyyət istiqamətlərindən biri isə Hərəkatla digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlıdır. Qeyd edək ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında ötən ilin may ayında keçirilən Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı buna qoşulub. Bundan başqa, 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb.
Qoşulmama Hərəkatının sədri statusunda belə səmərəli fəaliyyət Hərəkata üzv ölkələrdə Azərbaycana böyük rəğbət və hörmət qazandırıb. Bunun nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müraciət respublikamız tərəfindən müsbət qarşılanıb. Bütün bunlar o deməkdir ki, artıq Azərbaycanın sözü bütün dünyada eşidilir və onunla ən mühüm məsələlərdə hesablaşırlar.
Ələkbər Niftiyev, Cəlilabad şəhər 9 nömrəli məktəbin direktoru