2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etdi. Dövlətimizin başçısı müraciətində Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini bildirdi.
Biz adi vətəndaşlar tarixi Zəfərin qazanılmasında iştirak edən hər bir şəxsə minnətdarlığımızı bildiririk. 27 sentyabr həm də tariximizdə dönüş nöqtəsidir. Azərbaycan xalqı çoxəsrlik tariximizdə ilk dəfə olaraq bu cür parlaq qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi.
Düşünürəm ki, şanlı qələbəyə aparan yol 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başladı. Məhz o dövrdən etibarən respublikamızın inkişafı, o cümlədən ordu quruculuğu istiqamətində görülən işlər, həyata keçirilən böyük layihələr, eləcə də informasiya blokadasının yarılması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması haqq işimiz uğrunda mübarizəmizdə mühüm rol oynadı. Bilirsiniz ki, ulu öndər Heydər Əliyevin son çıxışı da bu gün onun adını daşıyan sarayda əsgər və zabitlər qarşısında olmuşdu. Heydər Əliyev həmin tədbirdə səhhətində problem yaranmasına baxmayaraq, Ali Baş Komandan kimi hərbçilərimizə nümunə göstərdi. Ümumiyyətlə, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın, xalqımızın inkişafına və tərəqqisinə, ölkəmizin bütövlüyünə həsr etdi. Prezident, Ali Baş Komandan İlham Əliyev də tarixi qələbədən sonra ilk olaraq ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi və ata vəsiyyətini yerinə yetirdiyini bəyan etdi.
Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Ancaq Azərbaycanda yox! Bu məsələ artıq öz həllini tapdı;
Azərbaycan öz ərazi bütövlüyünü qan bahasına bərpa etdi. Lakin şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan Ordusu şəhidlərin qanını aldı. Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.
Elxan Xudaşlı, Cəlilabad şəhər sakini