• Be. Dek 30th, 2024

TAP və İGB arasında mühüm müqavilə imzalandı

ByYenigun.news

May 19, 2021

Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) və Azərbaycan təbii qazını Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəməri (TAP) konserni arasında mühüm müqavilə imzalanıb.

Yenigun.news xəbər verir ki, bu barədə boru kəməri layihəsini həyata keçirən ICGB şirkəti məlumat yayıb.

Bildirilir ki, müqaviləyə aprelin 22-də imza atılıb.

Müqaviləyə əsasən, TAP-dan IGB vasitəsilə “Bulgartransgaz” qaz ötürücü şirkəti ilə giriş nöqtəsinə ötürülmə üçün tələb olunan təzyiq səviyyələri təmin edilib.

Qeyd edək ki, IGB ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 151 kilometri Bolqarıstan ərazisindən, 31 kilometri isə Yunanıstandan keçəcək. Kəmərin illik ötürücülük gücü 3 milyard kubmetr həcmində nəzərdə tutulur, ancaq tələb olduğu halda illik həcm 5 milyard kubmetrə qədər artırıla bilər. Boru xətti Komotinidən (Şimal-Şərqi Yunanıstan) Kürdcali, Haskovo və Dimitrovqraddan Stara Zagoraya (Cənub-Şərqi Bolqarıstan) keçir.

Xatırladaq ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir