• C. Noy 22nd, 2024

Firudin Zeynalov: AZƏRBAYCAN XALQI TARİXİ ƏDALƏTİ ÖZÜ BƏRPA ETDİ

Byadmin

Noy 19, 2021

Hər bir müharibənin nəticəsi, onun necə aparılması, hansı xarakter daşımasından və necə başa çatmasından asılıdır. 44 günlük Vətən müharibəsi, adından da göründüyü kimi, Vətənin müdafiəsi, onun erməni işğalından azad edilməsi məqsədi daşıyırdı. 1994-cü ildə atəşkəs elan olunmasına baxmayaraq, düşmən tərəfdən davamlı olaraq atəşkəs rejimi pozulmuş və hərbi təxribatlar törədilmişdir.

Son təxribat isə real müharibə müstəvisinə keçdi və düşmən layiqli cavabını, xalqımız isə erməni işğalçıları tərəfindən törədilən bütün vəhşiliklərin, terror aktlarının, şəhidlərimizin qisasını aldı.
Vətən müharibəsi 30 ilə yaxın müddət ərzində əyilmiş qamətimizi dikəltdi, alımızı açıq etdi. Ən vacib nəticələrindən biri məhz xalqımızın özünə inamının, öz gücünə inamının artması oldu. Məhz əsgər və zabitlərimizin igidliyi, Prezident İlham Əliyevin yüksək sərkərdəlik məharəti nəticəsində xalqımız birlik göstərdi və tarixi ədaləti bərpa etdi. Yəni, Azərbaycan heç bir beynəlxalq norma və prinsipləri pozmadan, humanizm göstərərək ədalətli və həm də ləyaqətli müharibə apardı. Biz həm də ləyaqətli müharibə aparmaqla dünyaya yeni humanizm prinsiplərini aşıladıq. Ermənistanın dinc əhaliyə qarşı törətdiyi hərbi terrora cavab yalnız döyüş meydanında oldu.


20 noyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz noyabrın 20-də Ağdam işğalçılardan azad edildi. Burada Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib.


Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ağdamın azad olunmasının çox böyük əhəmiyyəti var idi.


Beləliklə, Azərbaycan xalqı özü tarixi ədaləti bərpa etdi.


Vətən müharibəsində əldə etdiyimiz qələb ə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.


Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır. Deyilənlərdən belə nəticə hasil olur ki, Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionda yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir