Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri-gənclərin təhsil, tərbiyəsi, sağlamlığı, intelektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Azərbaycan gəncliyi ictimai bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Müasir dövrdə gənclər siyasəti sahəsində qazanılan nailiyyətlər hər bir dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi siyasipotensialını müəyyənləşdirən əsas meyarlardandır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.Artıq Avropanın gənclər təşkilatları Azərbaycanın dünyada nümunə olan gənclər siyasətindəki təcrübəsini öyrənir və tətbiq edir.Bu, dövlətimizin gənclər siyasətinin qələbəsidir.
Prezident İlham Əliyevin Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə cari ilin 17 mart tarixli görüşündə səsləndirdiyi bu fikirlər gənclərimizin gələcək fəaliyyəti üçün yol xəritəsidir. Dövlət başçısının fikirləri həm də milli vəzifələr baxımından strateji əhəmiyyətli çağırışdır.
Prezident qeyd edib ki, idmanın kütləviliyi sağlam nəslin yetişməsi deməkdir. Ölkəmizdə idman qurğularının yaradılması geniş vüsət alıb. 50-dən çox şəhərdə müasir qurğular inşa edilib və indi demək olar ki, hər bir rayonda idmanla məşğul olmaq üçün şərait var. İndi bir neçə Olimpiya İdman Kompleksi inşa edilir, yaxın bir-iki ilə onlar da tamamlanacaq. Eyni zamanda, gəncləri idmana cəlb etmək üçün daha fəal olmalıyıq. Bunun üçün açıq idman meydançalarının yaradılması da çox böyük əhəmiyyətə malikdir. Hər bir gənc idman bölmələrinə gedə bilməz. Ancaq fiziki sağlamlığını gücləndirmək üçün, bədən tərbiyəsi ilə məşğul olmaq üçün bu, çox vacibdir. Bu, istər-istəməz pis vərdişlərdən də çəkindirəcək. İdman insanı zərərli vərdişlərdən uzaqlaşdırır. Əgər insan idmanla ciddi məşğul olursa, o, siqaret çəkməyəcək. Alkoqollu içkilər də, həmçinin. Gənclər bundan uzaq olmalıdır. Narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir. Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir. Ona görə də idmanın kütləviliyini təmin etmək üçün yeni proqram tərtib edilməlidir.
Hesab edirəm ki, bu görüş Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının növbəti göstəricisidir.
Elvin Mustafayev, məşqçi-müəllim