Beynəlxalq şüvənlik üzrə birinciliyi əldən verməyən erməni siyasi dairələri indi də Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində kommunal problemlərə görə səslərini başlarına atıblar.
Daha doğrusu desək, hər şeydə Azərbaycanı təqsirkar çıxarmağa adət etmiş erməni xisləti bu dəfə də özünü göstərir.
Mövzunun qısa məzmunu belədir ki, sülhməramlıların dislokasiya edildiyi Azərbaycan ərazilərində qaz təminatında problemlər yaranıb və ermənilər bunun təqsirini Azərbaycanın üzərinə atmağa çalışırlar.
Ənənəvi yalanlar üzərində inşa edilən fikirlərdən təəccüblənmək də lazım deyil, çünki erməni siyasəti üçün bu, yenilik deyil. Yalnız yeniliklər təəccübləndirmək gücünə malikdir.
Azərbaycanı az qala humanitar böhran yaratmaqda günahlandıran ermənilər üçün bir neçə xatırlatma vacibdir.
Vaxtı ilə Sərsəng su anbarından ekoloji terror məqsədləri və humanitar təzyiq yaratmaq üçün istifadə edən ermənilər indi özlərinə bir balaca soyuq dəyən kimi keçmiş əməllərini unudurlar? Bu, tarixi xatırlatmadır.
İkincisi isə texniki xatırlatmadır, Hazırda Azərbaycan ərazilərində güclü qar yağır və bu da texnogen qəzaların artması ehtimallarını çoxaldır. Bu mənada Xankəndinə gedən qaz xəttinin də zədələnməsi baş verə bilər.
Üçüncü, fərz edək ki, qaz xəttində heç bir problem yoxdur, bu zaman Ermənistan zəhmət çəkib Rusiya sülhməramlılarına müraciət etsin – axı sülhməramlıların humanitar təcrübəsi də var – qadın doğuzdurmaqdan tutmuş, gül paylamağa qədər. Buna görə də, ermənilər indiki qaz məsələsinin məsuliyyətini həm də sülhməramlılarda axtarmalıdırlar.
Ermənistanın qaz məsələsindən “qaza” gələrək humanitar şou yaratması və bunu Azərbaycana qarşı çevirən tezis halına gətirməsinin arxasında beynəlxalq ictimaiyyətdən dəstək qazanmaq niyyəti dayanır. Ancaq beynəlxalq aləmin erməni yalanlarını və vay-şüvənliyini dinləməyə nə vaxtı, nə də həvəsi var, çünki onların gündəmini Rusiya-Ukrayna müharibəsi məşğul edir.
Qarabağdakı ermənilər zəhmət çəkib Ermənistan rəhbərliyinə müraciət etsin ki, 10 noyabr bəyanatının icrasına məhəl qoysun.
Qarabağdakı mülki ermənilər üçün yeganə seçim şansı budur: onlar Azərbaycanın yurisdiksiyası altına keçsinlər və Azərbaycan vətəndaşı kimi yaşasınlar. Yox, əgər onlar da separatçı meyilləri inkişaf etdirsələr, o zaman Azərbaycan ərazilərindəki mövcudiyyətləri cəza mexanizmi altında olacaq.
Yaxşı olar ki, Ermənistan rəhbərliyi baş verənlərdən dərs çıxararaq üçtərəfli bəyanatın üzərinə qoyduğu öhdəlikləri yerinə yetirsin.
Situasiya ətrafında manipulyativ fikirlər yaratmaq üçün müxtəlif epitetlərin arxasına sığınmaq, bununla da öhdəliklərdən boyun qaçırmaq cəhdləri İrəvanın özünə baha başa gəlir.
Buna görə də, Ermənistan Qarabağdakı separatçı silahlıları tərksilah etməyə çalışmalıdır ki, üzərindəki təzyiqin heç olmasa biri azalsın.
Aqşin Kərimov