Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Ermənistanda çoxları hesab edirlər ki, Nikol Paşinyan “yeni kapitulyasiya” – “Bakının şərtləri ilə Azərbaycanla sülh müqaviləsi” hazırlayır. Buna görə Ermənistanda müxalifətin kütləvi mitinqləri elan edilib. Ancaq sosial şəbəkələrin erməni seqmentinə baxanda hələ ki, xüsusi həvəs müşahidə olunmur. Bu o deməkdirmi ki, Ermənistanda revanşist əhval-ruhiyyə səngiyir? Yoxsa bu sadəcə təəssüratdır?
Bununla bağlı Oxu.Az Rusiya Siyasi və İqtisadi Kommunikasiya Agentliyinin (APEC) aparıcı analitiki Mixail Neyjmakovdan müsahibə götürüb.
Ekspert Brüssel görüşünün geniş ictimaiyyətə təqdim oluna biləcək sülh sazişi istiqamətində ciddi irəliləyişlə başa çatacağına inanmadığını bildirib. O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da bir müddət əvvəl belə görüşlərdən heç bir konkret gözləntisi olmadığını dediyini xatırladıb.
“Nikol Paşinyanın 2022-ci il martın 31-də Ermənistan hökumətinin iclasındakı çıxışında səsləndirilən tezisləri də eyni məcrada şərh etmək olar – bir tərəfdən “Ermənistanın dərhal sülh danışıqlarına başlamağa hazır olduğunu” və “…Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu” bildirir, digər tərəfdən də Bakını “genişmiqyaslı hücumun legitimliyini formalaşdırmaq” niyyətində ittiham edib. Prinsipcə, belə bir fonda qeyri-ictimai məsləhətləşmələrin davam etdirilməsi mümkündür, lakin hələlik, çətin ki, Brüssel görüşü geniş ictimaiyyətə təqdim oluna biləcək sülh sazişi istiqamətində ciddi irəliləyişlə başa çatsın”, – deyə o bildirib.
M.Neyjmakov Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç ilə danışıqlarda diqqəti Bakı ilə İrəvan arasında gələcəkdə danışıqların predmeti ola biləcək humanitar məsələlərə, o cümlədən itkin düşənlərin taleyi və mina probleminə yönəltdiyini qeyd edib.
“Ola bilsin ki, Brüsseldəki danışıqların yekunlarından sonra bu mövzularda da müəyyən irəliləyişlər açıqlansın”, – deyə analitik sözlərini yekunlaşdırıb.
Nair Əliyev