Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu və geosiyasi əhəmiyyətini bir daha təsdiqlədi. Dövlət başçısı vurğuladı ki, bütün meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Bu qiymətləndirmə ölkəmizin son illərdə əldə etdiyi siyasi, iqtisadi və diplomatik uğurların, eləcə də regionda formalaşan yeni reallıqların məntiqi nəticəsidir. Bu gün Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti olmaqla yanaşı, Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika qovşağına çevrilib. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkəmiz beynəlxalq ticarətin inkişafında mühüm rol oynayır. Son illərdə nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, yeni avtomobil və dəmir yollarının, hava limanlarının və dəniz limanlarının istifadəyə verilməsi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirib.Enerji sahəsində əldə olunan uğurlar da ölkəmizin strateji əhəmiyyətini artıran əsas amillərdəndir. Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi tanınır və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Neft və təbii qaz ixracı ilə yanaşı, ölkəmiz yaşıl enerji layihələrinin həyata keçirilməsi istiqamətində də mühüm addımlar atır. Bu isə Azərbaycanın beynəlxalq enerji bazarında mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın xarici siyasəti qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və milli maraqların qorunmasına əsaslanır. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirak edir, regional və qlobal təhlükəsizlik, iqtisadi inkişaf və humanitar əməkdaşlıq məsələlərində konstruktiv təşəbbüslərlə çıxış edir. Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı nüfuz beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri də Azərbaycanın inkişaf potensialını və dövlət idarəçiliyinin səmərəliliyini nümayiş etdirir. Azad edilmiş ərazilərdə müasir şəhərlərin və kəndlərin salınması, nəqliyyat və enerji infrastrukturunun qurulması, yeni iqtisadi imkanların yaradılması ölkəmizin dayanıqlı inkişaf strategiyasının tərkib hissəsidir. Şuşa şəhərində beynəlxalq tədbirlərin, o cümlədən Qlobal Media Forumunun keçirilməsi Qarabağın sülh, əməkdaşlıq və inkişaf məkanına çevrildiyini göstərir. IV Şuşa Qlobal Media Forumunda dünyanın onlarla ölkəsindən media nümayəndələrinin iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun artmasının daha bir göstəricisidir. Belə tədbirlər ölkəmizin mövqeyini dünya ictimaiyyətinə birbaşa çatdırmaq, həqiqətləri obyektiv şəkildə təqdim etmək və beynəlxalq media ilə açıq dialoqu inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bu amillər – güclü iqtisadiyyat, etibarlı enerji siyasəti, əlverişli geostrateji mövqe, müasir nəqliyyat infrastrukturu, balanslaşdırılmış xarici siyasət və Qarabağda aparılan bərpa-quruculuq işləri – Azərbaycanın beynəlxalq əhəmiyyətini durmadan artırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu meyarların hər biri ölkəmizin qlobal miqyasda mövqeyini daha da möhkəmləndirir və Azərbaycanın regional lider, beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi rolunu gücləndirir.
Südabə Vəliyeva
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru
Bütün meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır
