Brüsseldə və Moskvada keçirilən danışıqlarda üçtərəfli bəyanatların tələblərinin yerinə yetirilməsinin vacibliyi vurğulanır. Bütün bunlar Ermənistan cəmiyyətinə göstərir ki, danışıqların harada və kimin vasitəçiliyi ilə keçirilməsindən asılı olmayaraq, onlar bu addımları atmalıdırlar.
İki gün öncə Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Tərəflər bölgədəki vəziyyəti, o cümlədən təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişaf məsələlərini müzakirə ediblər.
Mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edirik.
Görüşün nəticəsi olaraq, Azərbaycan tərəfindən vaxtilə irəli sürülən təşəbbüs və bir müddət öncə rəsmi Bakının təqdim etdiyi baza prinsipləri əsasında sülh sazişinin hazırlanmasına başlanılması üçün hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verilib. Azərbaycan Xarici İşlər Nazirliyi Brüssel görüşünü ölkəmizin maraqlarına uyğun olaraq, bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addım kimi qiymətləndirib.
Millət vəkili Sahib Alıyev Brüssel danışıqlarının Azərbaycanın gündəliyi əsasında keçirildiyini bildirib. Deputat qeyd edib ki, əgər Ermənistan yenə forpostcasına davranmasa və ya davrandırılmasa, Brüssel danışıqları regionun postmünaqişə dövründən barış dövrünə keçməsi yönündə yaxşı perspektiv vəd edir: “Brüssel görüşünün nəticəsiz bitməyəcəyi haqda bir çoxları kimi məndə də müəyyən nikbinlik vardı. Sonra Ermənistan rəhbərliyinin bəzi açıqlamaları və İrəvanda təşkil olunan etiraz aksiyası bu nikbinliyi xeyli azaltdı. Ancaq görünür Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel erməni baş nazir Nikol Paşinyana başa saldı ki, təkcə regionda deyil, Avrasiyada gedən proseslər, özəlliklə Rusiya-Ukrayna savaşında yaranmış vəziyyət onlara forpostcasına davranmağa, yəni sözdə sülhə hazır olduqlarını bildirib, əməldə “mərkəz”in diktəsi ilə hərəkət etmək üçün yer qoymur. İrəliləyiş olmalı, görüşsonrası açıqlamada da vurğulandığı kimi, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında əksini tapan bütün məsələlər yerinə yetirilməlidir. Hələ Brüssel danışıqlarından öncə bu görüşün məhz Azərbaycanın gündəliyi əsasında keçiriləcəyini demişdim. Şarl Mişelin açıqlaması onu göstərir ki, məhz belə olub. Ermənistan rəhbərliyinin bizim 5 maddəlik sülh təklifimizə “əlavələr”i buxarlanıb, “Arsax” yoxdur, Qarabağın haylar yaşayan hissəsi var, “status” haradadırsa, oradadır, xortlaması mümkün deyil. Brüssel danışıqlarının nəticəsi barədə Azərbaycan və Ermənistan rəhbərlərinin deyil, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlama verməsi onu göstərir ki, tərəflərin tam razılığa gəlmədiyi məsələlər hələ də qalır”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan Ermənistanla danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində deyil, ikitərəfli formatda, yəni Bakı ilə İrəvan arasında aparılmasını təklif edib. Onun sözlərinə görə, Brüssel görüşü vasitəçilərin təşkilatçılığı ilə baş tutsa da, Minsk qrupu çərçivəsində reallaşdırılmayıb: “Brüsseldə, yaxud Moskvada keçirilməsindən asılı olmayaraq, danışıqlar Azərbaycanın istədiyi kimi, postmünaqişə fəlsəfəsi üzərində qurulur. Ermənistan çalışırdı ki, danışıqlar Vətən müharibəsindən öncə Minsk qrupunun təklif etdiyi gündəliyə qaytarılsın. Görünən budur ki, İrəvan heç nəyə nail ola bilmədi. Azərbaycanın tələbi ilə sülh danışıqlarına keçid edildi. Brüsseldə və Moskvada keçirilən bütün danışıqlarda üçtərəfli bəyanatların tələblərinin yerinə yetirilməsinin vacibliyi vurğulanır. Bütün bunlar Ermənistan cəmiyyətinə göstərir ki, danışıqların harada və kimin vasitəçiliyi ilə keçirilməsindən asılı olmayaraq, onlar bu addımları atmalıdırlar. Ermənistan əvvəlki dövrdə olduğu kimi vaxt uzada bilməyəcək”.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov qəzetimizə açıqlamasında deyib ki, Avropanın siyasi paytaxtı Brüsseldə keçirilən görüş mühüm nəticələrlə yadda qalıb. Onun sözlərinə görə, buna qədər Aİ Prezidenti Ş.Mişel Azərbaycan və Ermənistan arasında razılığın əldə olunması üçün daim təşəbbüslərlə çıxış edib: “Bu görüşü ötən il dekabrın 15-də Brüsseldə keçirilən danışıqların növbəti mərhələsi kimi dəyərləndirmək olar. Şarl Mişelin bu barədə bəyanatında bir sıra diqqət çəkən məqamlar var. İlk növbədə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası məqsədi ilə aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırılıb. Əgər Ermənistan aprel ayının 30-a qədər Birgə Sərhəd Komissiyasının yaradılmasını təmin etməzsə, bu, Azərbaycana kifayət qədər əsas verir ki, məsələləri birtərəfli qaydada həll etsin. 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın 4-cü maddəsinin yerinə yetirilməsi, eyni zamanda Laçın dəhlizi üzərində suverenliyin bərpa olunması, həmçinin digər məsələlər rəsmi Bakı üçün prioritetdir. Azərbaycan siyasi gündəliklə yanaşı, Ermənistanı sülhə məcburetmə tədbirlərinə üstünlük verə bilər. Ona görə də Ermənistan məsələlərə konstruktiv yanaşmalı, üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməlidir”.
Politoloq xatırladıb ki, üçtərəfli bəyanatlarda sərhədin delimitasiyası barədə konkret müddəalar əksini tapsa da, Ermənistanın qeyri-konstruktivliyi səbəbindən həm bu istiqamətdə, həm də nəqliyyat və kommunikasiya əlaqələrinin bərpa olunması istiqamətində addım atılmayıb: “Bu xüsusda üçtərəfli bəyanatın 9-cu maddəsinin implementasiyası baxımından Azərbaycan İranla anlaşma memorandumunu imzalayıb. Bu memorandum sayəsində Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını blokadadan çıxarır. Üçtərəfli razılaşmanın 9-cu maddəsinin rəsmi İrəvan tərəfindən icra olunmaması Ermənistanı bundan sonra daha çox iqtisadi izolyasiyada saxlayacaq”.