“Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinə, ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri ilə bağlı görülən tədbirlərin miqyasına, eyni zamanda, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir daha işıq saldı.
Cari ilin birinci rübünün yekunları bütövlükdə 2022-ci ili də uğurla başa vuracağımıza böyük əsaslar yaradır. Hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil olan iqtisadi inkişafa nəzər salsaq, Azərbaycanın ilin birinci rübündə əldə etdiyi sosial-iqtisadi göstəricilərin qənaətbəxş olduğunu görərik”.
“Report” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Onun sözlərinə görə, bu müddətdə ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb:
“Sənaye istehsalı sahəsində artım təxminən dörd faizdir. Qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. Bu rəqəmlər ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımların məntiqi nəticəsidir ki, Azərbaycan hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur.
2019-cu ildən dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın iqtisadi artımı ilə diqqətdə olması, 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərməsi kimi mühüm addımlar imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.
Dövlət başçısı İlham Əliyev müşavirədə birinci rübün yekunlarına söykənərək bildirmişdir ki, hazırda dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə qədəm qoyur və bəlkə də “postpandemiya” sözünü işlətmək bir qədər tezdir. Amma dünyadakı və Azərbaycandakı indiki vəziyyət buna işarə verir”.
V.Rəhimzadə söyləyib ki, postmünaqişə dövrünün reallıqlarından biri kimi Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsi, beynəlxalq təşkilatların ölkəmizin hər sahədə fəaliyyətini yüksək qiymətləndirmələri, bölgədə sülhün, təhlükəsizliyin təmin olunması üçün dəstək göstərməyə hazır olduqlarını bildirmələri həyata keçirilən siyasətin uğurlarının əyani təzahürüdür:
“Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu müddətdə beynəlxalq təşkilatlarla fəal əməkdaşlığını davam etdirmiş və dünyanın aparıcı qurumları İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionumuzda yaratdığı yeni reallıqları qəbul etmişlər.
Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş tədbirin Şuşada keçirilməsi çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT postmünaqişə dövrünün reallıqlarını qəbul edən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ən nüfuzlu beynəlxalq qurumdur.
BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Baxmayaraq ki, sənədlər 30 ilə yaxın dövrdə kağız üzərində saralaraq ədalətli icrasını gözlədi, amma dünya gücləri işğalçını adı ilə çağırmadan məsələnin sülh yolu ilə həllinin mümkünlüyünü bildirərək ikili standartlara əsaslanan siyasətləri ilə 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldular.
Amma reallıq budur ki, BMT o zaman da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, bu gün də Zəfərimizin yaratdığı reallıqları qəbul edərək ölkəmizin bu aparıcı beynəlxalq təşkilata üzv qəbul edilməsinin 30 illiyini 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilmiş Şuşada qeyd etdi. BMT-nin bu addımı Ermənistanda növbəti panikaya, isterikaya səbəb oldu”.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı hazırda tarixə qovuşmuş Qarabağ münaqişəsinin həllində daim ədalətli mövqeyi ilə diqqət çəkib:
“Qurumun Vətən müharibəsinin davam etdiyi, həmçinin postmünaqişə dövründə ölkəmizə dəstəyi göz önündədir. Qoşulmama Hərəkatına üzv dövlətlərin razılığı və dəstəyi ilə Azərbaycanın quruma sədrlik müddətinin daha bir il uzadılması da ölkəmizə beynəlxalq səviyyədə inam və etimadın göstəricisidir. Xüsusi vurğulanmalıdır ki, Avropa İttifaqının təşəbbüsü ilə iki dəfə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşlərinin keçirilməsi, Brüssel sülh gündəliyinin əsasının qoyulması, artıq Minsk qrupu formatına ehtiyacın olmaması, ən əsası “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin tarixə qovuşması Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatlarıdır”.
V.Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyev bu uğurlarımız fonunda bütün çıxışlarında, o cümlədən aprelin 12-də keçirilən müşavirədəki nitqində belə bir çağırışı da etdi ki, heç vaxt işğalı, erməni vəhşiliyini unutmamalıyıq:
“Azərbaycan bu gün tarixi Zəfərinin yaratdığı reallıqların dünyada qəbul edilməsinə nail olmaqla yanaşı, həm də işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərini həyata keçirir. İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlar əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması qarşıda duran əsas məsələlərdən biridir. Bu baxımdan ki, yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanması əsasdır.
Amma bununla yanaşı, ermənilərin havadarlarının dəstəyi ilə tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törətdikləri soyqırımlar, faciələr, insanlığa sığmayan müharibə cinayətləri unudulmamalıdır. XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımını necə unuda bilərik? 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi dövrdə erməni vəhşiliklərinin növbəti təzahürü olan Gəncə, Bərdə, Tərtər qətliamlarını unuda bilərikmi? Nə qədər günahsız insanlar qətlə yetiriliblər. Bunlar Azərbaycan tarixinin faciəli səhifələridir. İndiki və gələcək nəsillər tariximizi vərəqləyərkən tarixi Zəfərimizdən qürur duymaqla yanaşı, ermənilərin necə vəhşi toplum olduqlarını, başımıza gətirdikləri faciələri bilməlidirlər.
İşğalın davam etdiyi 30 ilə yaxın dövrdə müharibə şəraitində yaşasaq da, Azərbaycan daim inkişafı, tərəqqisi, Ermənistan isə əksinə, bu və ya digər ölkədən asılılığı ilə diqqət çəkib. Ermənistan ən kasıb ölkələr sırasında qərarlaşıb. İşğalçı dövlətin büdcəsinin 80 faizdən çoxu ianələr hesabına formalaşıb. Bunu dünya görür, hər zaman müxtəlif adlar altında Ermənistana maddi və mənəvi dəstək göstərməyə çalışırdılar. Bu dəstəklər Ermənistanı heç zaman qalib ölkəyə çevirə bilməzdi. Başqasının torpağına göz dikərək əsassız iddialarla yaşamağın, xülyaların sonu məhz bugünkü reallıqlarla nəticələnməli idi. Azərbaycan Zəfəri ilə bir daha dünyaya gücünü, qüdrətini nümayiş etdirdi”.
YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin müşavirədə səsləndirdiyi “Gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək. Bu gün digər məsələləri müzakirə edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu görəcəkdir” fikirlərini önə çəkərək Ermənistanın inkişafının özündən, qonşu ölkələrə bundan sonrakı münasibətindən asılı olacağını xüsusi qeyd edib:
“İşğalçılıq siyasəti, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış etmək Ermənistana çox baha başa gəldi. Bütün enerji layihələrindən təcrid olunan Ermənistan iqtisadi böhran içərisində çabaladı, ölkəni kütləvi tərketmələr davamlı xarakter aldı. Müstəqilliyi formal xarakter daşıyan Ermənistan bu və ya digər dövlətlərin əlində maraqlarının həyata keçirilməsində bir vasitəyə çevrildi. Hazırkı postmünaqişə dövrü Ermənistana şans verir ki, Azərbaycanla sülh müqaviləsini imzalamaqla özünün iqtisadi vəziyyətini yaxşılaşdırsın, yeni regional və qlobal əməkdaşlıq formatlarında iştirak etmək imkanı qazansın. Dövlət başçısının vurğuladığı kimi, Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək”.
V.Rəhimzadə diqqətə çatdırıb ki, hazırda günümüzün əsas məsələsi olan sülh gündəliyinin reallığa çevrilməsi istiqamətində addımların atılması ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri də geniş miqyas alıb:
“Dövlət başçısı İlham Əliyev müşavirədəki yekun nitqində qarşıdakı bir-iki il üçün bu torpaqlarda görüləcək işlərin miqyasını açıqladı. Bu işlər nəqliyyat infrastrukturunun yenilənməsi, bərpası, qaz, enerji xətlərinin çəkilişi, şəhərlərin baş planlarının hazırlanması, ərazilərin minalardan təmizlənməsi və Böyük Qayıdışın tezliklə reallığa çevrilməsidir. Zəngilanın Ağalı kəndləri bu il sakinlərini qarşılayacaq. Bu il, həmçinin “Ağıllı kənd” layihəsi çərçivəsində Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa ediləcək. Bir sözlə, soydaşlarımızın öş doğma yurd-yuvalarına qayıtmaları üçün kompleks tədbirlər görülür. Hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi olan xalqımız işğaldan azad edilmiş ərazilərimizlə bağlı bütün planların real həyatda öz əksini tapacağına əmindir”.