• Ca. Noy 28th, 2024

Bir səhvin qurbanı olan qadınların, yetkinlik yaşına çatmayanların yeni dünyası – REPORTAJ + FOTO

ByYenigun.news

Apr 16, 2022

Bir müddət əvvəl Bakıda cəmiyyətin həssas qrupları – yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni inşa olunan Penitensiar Müəssisə istifadəyə verilib.

Ədliyyə Nazirliyi tərəfindən media nümayəndələrinin yeni istifadəyə verilən cəzaçəkmə müəssisəsinə təşkil edilən tur zamanı məhkumların üçün yaradılan şərait barədə geniş məlumat verilib. Belə ki, insan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına daim xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub.

Yeni inşa edilmiş bu müəssisədə məhkumların müasir tələblərə uyğun şəraitdə saxlanılması, islah işləri, faydalı əməklə məşğul olmaları və asudə vaxtlarını səmərəli keçirmələri üçün zəruri şərait yaradılıb. Eləcə də, təhsil və peşə ixtisaslarına yiyələnmələri, cəmiyyətə reinteqrasiyası üçün lazımi infrastruktur yaradıldıqdan sonra məhkumların müəssisələrə köçürülməsi tamamlanıb.

Əvvəlcə məhkumlar üçün ayrılan otaqlarla tanış olduq. Məhkumlar hər biri öz çarpayısını səliqə ilə düzəldirdi. Həyatın qarşımıza nə zaman nə çıxaracağını bilmirik, onlar da bəlkə də bir anlıq qəflətin qurbanı olaraq bu gün dörd divar arasındadırlar.

Onların bir çoxu qanunla verilən hökmün bir neçə ilini artıq geridə qoyublar, bir çoxunu azadlıqdan, açıq səmadan qısa bir müddət ayırır. Ümid edirik ki, burada keçirdikləri müddətdə, həqiqətən də aparılan islah işləri bu qadınların həyatında nələrisə yaxşılığa doğru dəyişmiş olacaq.

Məhkumlar peşə məktəbində toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexlərində çalışa biləcəklər. Müəssisənin ikimərtəbəli tibb-sanitariya hissəsində həkim otaqları, aptek, pediatr otağı və digər yardımçı otaqlar mövcuddur. Müəssisənin tibb-sanitariya hissəsində həkim otaqları, müasir avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatoloji kabinetlər, laboratoriya, aptek, pediatr üçün və digər yardımçı otaqlar da var. Eyni zamanda stasionar bölmə və fərdi girişi olan izolyasiya üçün palatalar mövcuddur. Binada məhkumların tibbi müayinəsi və müalicəsi üçün hər cür şərait yaradılıb.

Məhbusların istirahəti, psixoloq, ibadət və digər otaqlar da var. Məhkumların uzun müddətdə məlumatsız qalmaması üçün, dünyagörüşlərini artırmaq və mütaliə edə bilmələri üçün müəssisədə zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı var.

Daha maraqlı məqam isə burada dünyaya gələn balaca körpələrdir. Qadın məhbusların həbsxanada dünyaya gətirdikləri övladları ilə zaman keçirə bilmələri üçün xüsusi ana və uşaq otağı da yaradılıb. Bu mənzərə gəzdiyimiz bütün bu soyuq divarlara can verən ən gözəl otaqdır deyə bilərəm…

Bir səhvin qurbanları olan məhbus qadınlar…Sanki səhvlərindən dərs çıxarmaları üçün onlara göndərilən övlad payı… Onlar bu gün dünyanın içində başqa dünyada yaşayırlar desək, yerinə düşər.

Media-tur zamanı məlumat verilib ki, eyni zamanda, məhkumların cəmiyyətə reinteqrasiyası, yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri üçün paytaxtda və bölgələrdə müasir penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür. Bununla əlaqədar Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa olunub. Gəncə və Lənkəran şəhərlərində, habelə paytaxtın Umbakı qəsəbəsində belə müəssisələrin tikintisi aparılır.

Bu gördüyünüz cəzaçəkmə müəssisəsinin ümumi sahəsi 22 600 kvadratmetrdir. Daxilində inzibati binalardan, yataqxanadan, hər cür məişət şəraiti olan mətbəxdən, yeməkxanadan, ana və uşaq bölməsindən, müvafiq tibbi avadanlıqla təchiz olunmuş tibbi-sanitar hissədən, məhkumların yaxınları ilə uzun və qısamüddətli görüş binasından və digər tikililər mövcuddur.

Onu da qeyd etmək lazımdır ki, dövlətimizin humanizm siyasətinə və Vətən müharibəsində Zəfər salnaməsinə həsr olunan stendlərdə gözdən qaçmırdı. Stendlərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin humanizm siyasətinə, minlərlə ailəyə sevinc bəxş edən və cinayət törətmiş şəxslərin islahına və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edən əfv və amnistiya qərarlarının, o cümlədən respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş humanist aktların əhəmiyyətinə həsr olunmuş fotolar nümayiş etdirilir. Həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər yürüşünü, işğaldan azad olunmuş torpaqlarımıza müntəzəm səfərlər edilərək həmin ərazilərin dirçəldilməsi üzrə görülən işləri əks etdirən ekspozisiyalar yaradılıb.

Cəzaçəkmə müəssisəsinin geniş və zəruri təchizatla təmin edilən mətbəxi var ki, burada yeməkləri də məhz əlinin duzuna güvənən məhbuslar edir. Hər gün səhər işə gedirmiş kimi bu mətbəxə daxil olan və 426 qadın məhkum üçün müxtəlif növdə yemək bişirən məhbuslar var. Onlar deyir ki, hər biri gigiyenik qaydalara riayət edir və mətbəxin təmizliyin qorunması üçün öz üzərinə düşəni yerinə yetirir.

Bundan əlavə, müəssisənin ərazisində inşa olunmuş məktəb binaları barədə məlumat verilərək burada məhkumların, xüsusilə yetkinlik yaşına çatmayanların təhsil və peşə ixtisası alması üçün hər cür şərait yaradıldığı bildirilib.

İctimai təqdimatda Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar Xidmətin aidiyyəti məsul işçiləri, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman), Milli Məclisin deputatları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının rəhbərliyi, beynəlxalq qurumların təmsilçiləri, hüquq müdafiəçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, çoxsaylı media nümayəndələri iştirak ediblər.

Bundan əlavə, müəssisələrin ərazisində inşa olunmuş məktəb binaları barədə məlumat verilərək burada məhkumların, xüsusilə yetkinlik yaşına çatmayanların təhsil və peşə ixtisası alması üçün hər cür şərait yaradıldığı bildirilib.

Müəssisələrlə tanışlıqdan sonra akt zalında qadın və yetkinlik yaşına çatmayan məhkumlarla görüş keçirilib.

Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova və Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov tədbir iştirakçılarını salamlayaraq penitensiar sistemdə həyata keçirilən islahatların, məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin ölkə Prezidenti İlham Əliyevin bu sahənin müasir çağırışlara uyğun inkişafına göstərdiyi xüsusi qayğının və həssas münasibətin əyani təzahürü olduğunu, yeni penitensiar müəssisələrin tikintisinin məhkumların hüquqlarının təminatına, onların səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət etdiyini vurğulayıblar.

Media-turda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və digər şəxslər iştirak edib, dövlətin bu sahəyə diqqət və qayğısından bəhs ediblər.

Qeyd olunub ki, 4 saylı cəzaçəkmə müəssisəsində ümumilikdə 426 qadın, yetkinlik yaşına çatmayanların Tərbiyə Müəssisəsində isə 21 nəfər cəza çəkir.

Oxu.Az yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni inşa olunan Penitensiar Müəssisədə çəkilən fotoları təqdim edir:

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir