Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrinin Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) tərəfindən bloklanması ilə bağlı müraciət Avropa Şurasının (AŞ) “The Platform for the Protection of Journalism and Safety of Journalists” adlı xüsusi platformasında yerləşdirilib.
“Report”un məlumatına görə, bu barədə müraciəti imzalayan Jurnalistlərin Həmkarlar İttifaqı təşkilatının sədri Müşfiq Ələsgərli bildirib.
“Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu və Avropa Jurnalistlər Federasiyasına istinad edilməklə, bizim müraciətimiz həm də Avropa Şurasının “The Platform for the Protection of Journalism and Safety of Journalists” adlı xüsusi platformasında yerləşdirilib. Bizim müraciətimizin AŞ platformasında yerləşdirilməsi məsələnin beynəlxalq dövlətlərarası təşkilatlar müstəvisinə çıxması anlamına gəlir. AŞ platforması beynəlxalq media, hüquq müdafiəsi və insan haqları təşkilatları üçün mühüm istinad mənbəyidir”, – deyə M.Ələsgərli vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrinin ( “Oxu.az”, “Haqqin.az”, “Minval.az”, “Musavat.com” və s.) Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) tərəfindən bloklanması ölkənin media ictimaiyyətində haqlı etiraz doğurub. Azərbaycanın 10-a yaxın jurnalist təşkilatı ölkəmizin media ictimaiyyətinin bu yöndə etirazlarını ümumiləşdirərək martın 28-də etiraz bəyanatı ilə çıxış edib. Rusiyanın əlaqədar dövlət qurumlarına müraciət edərək bu yanlış qərarın aradan qaldırılmasına çağırış ediblər. Həmçinin, milli jurnalist təşkilatları beynəlxalq statuslu media qurumlarına müraciət edərək, faktın pislənməsi üzrə həmrəylik nümayiş etdirməyə çağırıblar.
“Azərbaycan jurnalistləri ilə həmrəylik nümayiş etdirilib. Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu, Avropa Jurnalistlər Federasiyası və başqa bir sıra qurumlar Azərbaycan jurnalistlərinin müraciətinə müsbət reaksiya verərək Rusiya tərəfindən atılan addımı pislədilər. Azərbaycan jurnalist təşkilatlarının müraciətini öz saytlarında yerləşdirərək həmrəylik nümayiş etdirdilər. Xəbərin bu saytlarda yerləşdirilməsi imkan yaratdı ki, bütün dünya ictimaiyyəti mövzu üzrə məlumat alsınlar”, – deyə Müşfiq Ələsgərli qeyd edib.