Ukrayna Rusiyanın Qara dənizdəki donanmasının əsas vuran əli olan “Moskva” kreyserini vurub dənizin sularına qərq etdikdən sonra müharibənin xarakteri şiddətlənir.
Qara dənizdə gəmisi batan (həm həqiqi, həm də metafora) Rusiya Kiyevi və Polşa ilə sərhəddəki Lvovu atəşə tutmaqla qisas aldığını düşünür, amma bundan sonra Moskvanın hərbi planlarının daha dağıdıcı olacağını da söyləmək mümkündür.
Rusiya quru döyüşlərində uğur qazanmaq potensialından məhrumdur, onun əsas gücü məsafədən raket zərbələri endirməklə məhdudlaşır – ən azından, indiki məqam üçün. Buna görə də Rusiyanın yenidən geri çəkildiyi əraziləri və Lvovu bombardman edəcəyi gözləniləndir.
Hərçənd ki, Rusiya hazırda Kiyevə, Sumıya, Çerniqova zirehli texnikalarla və desant qüvvələri ilə hücum həyata keçirmir, amma Ukraynanın cənubunda və şərqindəki müharibə alovlarını daha yüksəklərə qaldırmaqla şimal-şərqdəki məğlubiyyətinin əvəzini çıxır.
Rusiya qüvvələri işğal etdiyi İzyum oxunda yeni cığırlar açmaq üçün vurnuxur, davamlı olsa da, keyfiyyətcə uğursuz hücumlara imza atır.
Bu hücumların imitasiya xarakterli planın tərkib hissəsi olduğu versiyası güclüdür, yəqin ki, Rusiya ordusu Ukraynanın şərqində genişmiqyaslı hücuma keçmək üçün tələsmir. Təxirə salınmağın səbəbləri Rusiya ordusunun mənəvi ovqatındakı ruh düşkünlüyü və onların təchizat problemləri ilə üzləşməsidir, lakin Rusiyanın hər vəchlə özünü ələ alaraq enerji toplamağa davam etdiyi görünür.
Xersonu və Mariupolu ələ keçirən Rusiyaya qarşı dirənişlər davam edir, hətta Mariupolda partizan döyüşlərinə də start verilib.
Mariupol Rusiya-Ukrayna müharibəsindəki dəhşətli mənzərələrin mərkəzinə çevrilir, vəziyyəti daha da qəlizləşdirən isə limana və Azovstal zavoduna hücumların davam etməsidir.
Xəritə ABŞ Müharibə Tədqiqatları İnstitutuna məxsusdur.
Böyük ehtimal ki, Rusiya Azovstal zavodunun yerdə qalan müdafiəçilərini atəş gücü ilə təslim olmağa vadar edəcək, bununla belə, ukraynalı döyüşçülər təslim olmamaq prinsipiallığından geri çəkilmirlər.
Rusiyanın Ukraynanın şərq və cənub-şərq cinahlarında üstünlük qazanması onun yenidən Kiyevə hücum edəcəyi ehtimallarını artırır.
Ukrayna tərəfindən verilən bəyanatlar həmin ehtimalın real zəminə keçəcəyi ssenarilər üzərində fikir yürütməyə əsas verir, hərçənd ki, Rusiyanın indi Kiyevə hücum üçün toparlanmağı xeyli vaxt tələb edər.
Rusiyanın Kiyevə təcavüz planına dair açıqlamaların nüvəsi barədə digər versiya da səsləndirmək olar.
Mümkündür ki, Qərb və Ukrayna bu mövzunu ortaya atmaqla Ukraynanın intensiv silahlandırılmasının davamlılığını təmin etmək istəyir, bu isə müharibənin müddətini uzadan faktorlardan birinə çevrilir.
Aqşin Kərimov