“2020-ci il 44 günlük Vətən müharibəsində əldə edilən qələbə Azərbaycan Ordusunun gücünü həm düşmənlərimizə, həm də bütün dünyaya göstərdi. Ordumuzun bu gücə sahib olmasını şərtləndirən bir sıra amillər var ki, onlardan biri də Azərbaycan dövləti tərəfindən hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı və sistemli addımların atılması, onların mənzil-məişət problemlərinin həll edilməsi ilə bağlıdır. Onu da deyim ki, sosial dövlət olan Azərbaycanda bu istiqamətdə atılan davamlı addımlar zamanı şəhid ailələri, qazilər, həmçinin müharibə əlilləri də daim ön sırada tutulur”.
Bunu “Report”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirakı da deyilənlərin daha bir bariz sübutudur:
“Açılışda da qeyd olunduğu kimi doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksi 2.76 hektar ərazidə inşa olunub. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil var. Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib”.
Deputat bildirib ki, şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi isə təsadüfi deyil. Çünki humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir.
V.İskəndərov əlavə edib ki, dövlətimiz şəhid ailələri, qazilər, müharibə veteranları, ümumiyyətlə imtiyazlı təbəqə üçün əlindən gələni edir. O cümlədən müharibə veteranlarına avtomobillər verilir, onların sosial problemləri həll edilir:
“Təsadüfi deyil ki, şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyevin göstərişi ilə həmin kateqoriyadan olanların mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Bu siyasət 2022-ci ildə də uğurla davam etdirilir. Cənab Prezident mayın 2-də şəhidin ailə üzvləri ilə söhbətində də bəyan edib ki, biz bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. “Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib. Bu, yenə də bizim borcumuzdur”, – deyən dövlət başçısı onu da əlavə edib ki, keçən il 3 min, bu il 1500 mənzil verilib və bundan sonra da veriləcək. Bu mənzillərdə yaşamaq üçün bütün şərait var. Dövlət başçısı həmçinin bəyan edib ki, şəhidlərin yaxınları daim diqqət mərkəzində olmalıdırlar”.
V.İskəndərovun sözlərinə görə, bütün bu sadalananlar bir daha dövlətimizin bu kateqoriyadan olan insanlara qayğısını əyani şəkildə nümayiş etdirir:
“Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar”.
“Report” İnformasiya Agentliyi