• Ca. Dek 26th, 2024

Mübariz Mənsimovun MGTV “RUPORU”: “Palmali”nin sahibi hansı kombinasiya üzrə “oynayır?” – FOTO

ByYenigun.news

May 5, 2022

Hər-hansı səbəbə görə Azərbaycandan kənarda məskunlaşan, müxtəlif sahələrdə fəaliyyət göstərən soydaşlarımızın Ana Vətənləri üçün faydalı işlər görmələrinə, yaşadıqları ölkələrdə mənsub olduqları xalqı layiqincə təmsil etmələrinə yönəlik gözləntilər hər zaman olub və olacaq. Bu gözləntilərin müəyyən miqyasda doğrulduğunu vurğulamaqla yanaşı, qeyd etmək yerinə düşər ki, bu gün xaricdəki soydaşlarımız arasında adını fəxrlə çəkdiyimiz, bütöv bir xalqın qürur yerinə çevrilən çox sayda insan var. 

Nəzərdə tutulan həmvətənlərimiz, gerçəkdən, Azərbaycan adına çox effektli fəaliyyət göstərərək, bir sıra dövlətlərlə ölkəmiz arasında canlı körpü funksiyasını təmənnasız və böyük fədakarlıqla həyata keçirirlər. Eyni zamanda, Azərbaycana qarşı tərtiblənən beynəlxalq planların bir qismi məhz o insanların sayıqlığı və öz əlaqələrindən səmərəli istifadə etmələri nəticəsində boşa çıxır. Xalq və dövlət də Vətəndən kənarda yaşamalarına baxmayaraq, hər addımını Vətəni düşünərək atan həmin şəxsləri qiymətləndirir, onlara layiqincə dəyər verir. 

Ancaq çox təəssüf ki, bu müsbət və fərəhləndirici fikirləri xaricdə yaşayan tanınmış soydaşlarımızın hamısı haqqında söyləmək imkan xaricindədir. Əlbəttə, bu kateqoriyaya aid həmvətənlərimiz Azərbaycan naminə fəaliyyətsiz qalmaqla kifayətlənsəydilər, yəqin ki, onların xatırlanmasına və barələrində söz açılmasına da ehtiyac qalmayacaqdı. 

Yəni bu yolu onların seçimi kimi görərək, adamların heç nəyə qarışmadan şəxsi maraqlarının təmin olunmasına çalışmaları reallığını sorğusuz qəbul edərdik. Lakin təəssüf ki, bu məsələ ilk baxışda göründüyü qədər bəsit və üstündən sükutla keçiləcək dərəcədə əhəmiyyətsiz deyil. Fikrimizi konkretləşdirsək, iş burasındadır ki, o insanların bir qismi Azərbaycan üçün əllərini ağdan-qaraya vurmamaqla kifayətlənmirlər, ölkəmizə qarşı açılan bütün “cəbhə”lərdə həvəslə mövqelənir, dövlətin təməllərini sarsıtmağa hesablanmış fəaliyyətlərə can-başla dəstək verirlər. 

Yenə də təəssüflə qeyd olunmalıdır ki, haqqında danışılan şəxslər arasında vaxtilə Azərbaycanda çox yüksək reputasiya qazanan, xeyriyyəçilik məsələsində az qala Hacı Zeynalabdin Tağıyevlə eyniləşdirilən, ölkəmiz əleyhinə istənilən tərtibin önünə sinəsini sipər etməyə hazır olduğu düşünülən fiqurlar da var. Amma zaman keçdikcə, bütün daşlar yerinə oturur və gerçək simalar tədricən tam çılpaqlığı ilə aşkara çıxır. Elə “Palmali” şirkətlər qrupunun sahibi, uzun müddətdir Türkiyə vətəndaşlığına keçərək qardaş ölkədə yaşayan Mübariz Mənsimovun timsalında olduğu kimi…

Diqqətli oxucular son vaxtlar mediada Mənsimovun Azərbaycan əleyhinə planların episentrində olan, ölkəmizin parçalanmasını hədəfləyən talış separatizmi ideologiyasının daşıyıcıları olan dairə və fərdlərlə dərin işbirliyində olduğu haqda xeyli təkzibedilməz material dərc olunduğunun şahididirlər. Həmin materiallarda publikaya təqdim olunan foto və videosübutlar “Palmali” sahibinin zahirdə özünü “alovlu vətənpərvər” obrazında göstərmək cəhdlərinin əksinə olaraq, daxilində təhlükəli niyyətlərin kök saldığına heç bir şübhə yeri qoymur. 

Ona görə də Mənsimovun yaxın çevrəsində Seyran Rəfiyev kimi separatçı, ermənilər qarışıq Azərbaycana qənim kəsilən hər kəslə qardaşlaşan, Avropanın müxtəlif ölkələrində yerləşərək aldıqları təlimatlar əsasında ölkəmizə həqarətlər püskürən “milli bloger”lərin olması təsadüfi deyil. Burada məşhur “Dostunu göstər, kim olduğunu deyim” məsəlinin heç də boşuna deyilmədiyi növbəti dəfə təsdiqlənir. “Palmali” bossunun çevrəsindəkilərin Azərbaycana qarşı fəaliyyətlərini isbatlayan məqamları təkrar xatırlatmağa ehtiyac görmürük. 

Amma görünən budur ki, son vaxtlara qədər ətrafındakıları aktivləşdirən, onları ön plana çıxaran Mənsimovun özü də “səngər”dən çıxmağa qərar verib. Hər halda, Türkiyədə bu ilin yanvarında yayıma başlayan MGTV-də (“Milli gazete” TV) azərbaycanlı iş adamının müntəzəm qonaq olması və öz “həqiqət”lərinə dair mühazirələr deməsi kanalın mövqeyi haqqında rəy yaranması üçün yetərlidir. Bu mənada, ruporuna çevrilən MGTV-nin gerçək sahibinin elə Mənsimovun olduğunu düşünməkdə qeyri-adi heç nə yoxdur. 

Lakin MGTV-nin fəaliyyəti ilə bağlı bu da hamısı deyil. Sözügedən kanalda xaricdə fəaliyyət göstərən və “söyüş müxalifəti” kontingentinə mənsub azərbaycanlı “bloger”lərlə radikal müxalifətin təmsilçilərinə davamlı tribuna verilməsi Mənsimovun hansı kombinasiya üzrə “oynadığını” ən açıq şəkildə göstərir. Adam bununla öz səfini və niyyətini nümayişkar tərzdə təqdim etməkdən çəkinmir. 

Mənsimovun bu aktivliyinin nəticəsini proqnozlaşdırmaq üçün çox fikirləşməyə ehtiyac yoxdur. Çünki “Palmali” sahibinin indi çıxdığı yolda ilk addımını əminliklə atıb, sonra çıxılmaz bataqlığa düşməyin onlarla örnəyi var. 

Bu da yeni nümunə olsun… 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir