• Şb. Noy 30th, 2024

Ermənilər üçün qeyri-rəsmi “Avropa evi”: İrəvanı dəstəkləməyin Fransaya faydası var? – ŞƏRH

ByYenigun.news

May 8, 2022

Oxşar vəziyyət Ermənistan idxalında da müşahidə olunur – Fransa ilk beş idxalçı sırasına belə daxil deyil. İqtisadi nöqteyi-nəzərdən Ermənistan Fransanı maraqlandırmır. Reallıq budur ki, Yelisey sarayının ermənilərə münasibəti simpatiya üzərində qurulmayıb. Bu, sadəcə… 

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Erməni lobbisinin ən sıx məskunlaşdığı ölkələr sırasında Fransanın liderlik etdiyi faktdır. Məhz bu ölkədə erməni icması aktiv siyasi fəaliyyətlə yadda qalıb. İllər uzunu prezidentliyə namizədlər, deputat olmaq istəyən şəxslər seçkilərdə ermənilərdən faydalanıb, onlarla müəyyən mənada hesablaşıblar. Təsadüfi deyil ki, məhz erməni icmasının təsiri altında da Türkiyəyə qarşı “soyqırımı” qətnamələri qəbul edilib. Ola bilsin ki, hansısa bir məqamda ermənilər Türkiyəyə qarşı sərt qərarların qəbuluna nail olublar. Lakin proseslərin gedişi göstərir ki, artıq bu ideologiya da arxivə atılır, əbədi düşmənçiliyin mümkünsüzlüyü qənaəti formalaşır. Və qondarma soyqırımı xaricdəki ermənilərlə Ermənistandakı ermənilər arasında ciddi fikir ayrılıqlarına səbəb olur. Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Xaricdəki gözütox, firavan ermənilərdən fərqli olaraq, Ermənistan vətəndaşı artıq qonşularla münasibət qurmaq istəyir. Eləcə də, Qarabağ probleminin həllini də bura daxil etmək olar. 30 ilə yaxın Minsk qrupunun üzvü kimi ermənipərəst mövqeyi ilə seçilən Fransa 44 günlük müharibədən sonra autsayder vəziyyətinə salındı. Buna baxmayaraq mövcud vəziyyətlə barışmaq istəməyərək yenə də ermənilərdən alət kimi istifadə etməyə çalışır. Son prezident seçkilərində də bunu müşahidə etdik. 

Ümumiyyətlə, Fransada xüsusi fəallığı ilə seçilən erməni diasporunun və lobbisinin əsas məqsədlərini belə sıralamaq olar: diasporun siyasi proseslərdə fəal iştirakını təmin etmək, qondarma erməni soyqırımı məsələsini bəlli məqsədlərlə daim gündəmdə saxlamaq, Fransa-Ermənistan əlaqələrinin gücləndirilməsi, erməni kimliyinin qorunması, Qarabağla bağlı Ermənistanın əsassız ərazi iddialarına dəstək əldə etmək, erməni diasporunun maraqlarına uyğun olaraq Fransanın xarici siyasətinə, xüsusilə də bu siyasətin Türkiyə və Cənubi Qafqaz aspektlərinə təsir göstərmək. Fransada təsir gücünə görə seçilən erməni təşkilatları da kifayət qədərdir. Bu sırada “Ramqavar”, “Daşnaksütyun”, “Hnçak”, Fransa Ermənilərinin Göy Xaçı, Fransa Erməni Fondları və nəhayət, 44 erməni diaspora təşkilatını birləşdirən Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasını (CCAF) göstərmək olar. Bir vacib məqamı da qeyd edək ki, ermənilərin diaspor strukturlarında yaratdıqları siyasi partiyalar da xüsusi yer tutur.

Bir faktı da qeyd edək ki, İrəvanla Paris arasında münasibətlər illər uzunu daha çox Marsel, Paris, Lionda məskunlaşan erməni icması üzərində qurulub. Ermənilərin Fransa rəhbərliyinə loyallığı, yaşayış yerinin yığcamlığı və diasporun böyüklüyü Fransa diplomatiyasına postsovet Ermənistanı ilə kifayət qədər möhkəm əlaqələr qurmağa imkan verdi. Onların millətçi oriyentasiyası Paris tərəfindən inqilabi ruh kimi qəbul edildi. Cənubi Qafqazdan kənarda Fransa qeyri-rəsmi olaraq ermənilər üçün “Avropa evi” hesab olunur. 

Bəs müasir dövrdə Fransa ilə Ermənistan arasında münasibətlər nə qədər səmimidir? İqtisadi göstəricilər göstərir ki, son illər Ermənistan ixracatı ciddi şəkildə dəyişməyib. Lider mövqe hələ də Rusiya, Çin, İran, Hindistana məxsusdur. Aİ üzvləri arasında Ermənistana İsveçrə, Almaniya, İtaliya və Bolqarıstan maraq göstərir. Oxşar vəziyyət Ermənistan idxalında da müşahidə olunur – Fransa ilk beş idxalçı sırasına belə daxil deyil. İqtisadi nöqteyi-nəzərdən Ermənistan Fransanı maraqlandırmır. Fransanın son iki onillikdə Ermənistanda iqtisadi  sahədə nəyə töhfə verdiyi ilə bağlı suallara az adam cavab verə bilər. Yalnız günəş elektrik stansiyalarının layihəsi yada düşür.

Qarşılıqlı fəaliyyətə gəldikdə, bu, əsasən, siyasi xətt üzrə həyata keçirilir. Fransız  diplomatiyası Avropa İttifaqının parlament strukturlarının iclaslarında erməni ritorikasının aparıcısı kimi çıxış edir. Ermənistanın siyasi isteblişmentinin Parisə hörmət nümayiş etdirməsi isə ona son dərəcə vacibdir. Fransada prezident seçkilərinin nəticələrinə yekun vurulandan sonra Emmanuel Makronu ilk olaraq Ermənistan prezidenti Vaaqn Xaçatryan təbrik edib, ona “44 günlük müharibə zamanı əvəzsiz köməyə görə” təşəkkürünü çatdırıb. Ancaq heç kim Rusiyanın tam hüquqlu sülhməramlı missiyası ilə müqayisədə Parisin dəstəyinin nədən ibarət olduğunu başa düşmədi. 

Hazırda Avropa İttifaqının lokomotivi – Almaniya əsas diqqəti iqtisadiyyat, enerji, maliyyə və sənaye məsələlərinə yönəltdiyindən, Paris Avropa diplomatiyası, o cümlədən Cənubi Qafqazdakı məsələləri öz üzərinə götürüb. Son vaxtlar Ermənistan siyasi əhəmiyyəti devalvasiyaya uğramış Minsk qrupunun formatını dirçəltməyi təklif edir. Bundan əlavə, Fransa rəhbərliyi öz maraqlarının erməni diasporu vasitəsilə reallaşdırılmasını istisna etmir, eyni zamanda, “Daşnaksütyun” kimi ənənəvi erməni partiyalarının strukturları ilə işləməyə üstünlük verir. Amma Fransada seçkilər keçirildi, hakimiyyət öz mövqeyini saxladı, ona görə də bir müddət Fransa siyasətçilərindən heç biri erməni icması ilə işbirliyi qurmayacaq. Reallıq budur ki, Yelisey sarayının ermənilərə münasibəti simpatiya üzərində qurulmayıb. Bu, sadəcə erməni mentalitetində möhkəmlənmək naminə düşünülən plandır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir