Azərbaycan Şahmat Federasiyası (AŞF) Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Tarixi görüşün izi ilə” adlı layihə hazırlayıb.
Oxu.Az xəbər verir ki, layihədə 1998-ci ildə H.Əliyevin şahmatçılarla görüşünün xatirələri öz əksini tapıb. Tarixi görüşün iştirakçıları onunla görüş barədə xatirələrini bölüşüb.
Üçqat Avropa çempionu, 1998-ci ildə 10 yaşı olan Rauf Məmmədov həmin görüşü belə xatırlayır:
“Tarixi görüş 1998-ci ilin qış aylarına təsadüf etmişdi. Mənim 10 yaşım var idi, indi 34 yaşım var. Heç vaxt belə aura hiss etməmişdim. Ulu Öndər medalıma diqqətlə baxdı, hansı yarışda qazandığımı soruşdu. 1998-ci ildə balaca uşaqları qəbul etməsi böyük iz buraxdı həyatımızda. Biz milli komanda olaraq üç dəfə Avropa çempionu olduq, həmin görüşdə iştirak edən Teymur Rəcəbovla Vüqar Həşimov uzun illər dünya reytinqində ilk “onluq”da qərarlaşdı. Teymur Dünya Kubokunu qazandı. Təsəvvür edin, həmin dörd uşaq 20 ildən çox Azərbaycan yığmasında çıxış etdi, böyük qələbələrə nail oldu.
Bu, böyük fəxrdir. Ölkə prezidenti Heydər Əliyev kimi böyük insan səni qəbul edir. Bu görüş idmançıda böyük ruh yaratdı. Görüşün səhəri bütün qəzetlər bizim haqqımızda yazmışdı. Məhəllədə hamı soruşurdu sən Heydər Əliyevlə görüşmüsən? Evdə böyük sevinc yaşanmışdı. O görüş olmasaydı, məncə bəlkə də üçqat Avropa çempionu olmazdım, 20 ildən çox yığmada çıxış etməzdim”.
Üçqat Avropa çempionu Qədir Hüseynov həmin görüşü hər zaman yada salır:
“Ulu Öndərlə görüş uşaqlar üçün böyük mənəvi dəstək idi. Gözəl xatirələrimiz var. O görüş hər zaman yaddaşımızdadır. Bu görüş təkcə bizim deyil, bütün şahmatçıların inkişafında böyük rol oynadı. Məsələn, Şəhriyar Məmmədyarov söyləmişdi ki, həmin görüşdən sonra üzərində daha çox işləməyə başladı. Gün ərzində 7-8 saat işləyirdi ki, gələcəkdə elə görüşlərə dəvət alsın. Ulu Öndər olmasaydı, Harri Kasparov kimi dünya çempionu olmazdı. Onun köməyi olmadan o, şahmatçı kimi inkişaf etməzdi”.
Avropa çempionu Vüqar Həşimov mətbuata müsahibəsində hər zaman H.Əliyevlə görüşü xüsusilə qeyd edib:
“Ümummilli lider Heydər Əliyevlə görüşü həmişə xatırlayıram. O vaxt mən uşaq idim. Heydər Əliyevlə görüş böyük əhəmiyyətə malik idi, həmin qəbul gələcək karyerama böyük təsir etdi”.
Üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbov tarixi görüş barədə bunları deyib:
“Çox yaxşı xatırlayıram. 1998-ci ildə beynəlxalq arenada ilk uğurlarını qazanan şahmatçılar üçün böyük şərəf oldu. Dahi insanla görüşdük. Görüşdən əvvəl həyəcanlı idik. Uşaqlarla qəbulda hansı sözləri deyəcəyimizi məşq edirdik. Çox həyəcanlıydıq. Həmin görüşdən ən yaxşı xatirələrim var. Böyük motivasiya oldu. Gələcək uğurlarımız üçün böyük ruh yüksəkliyi əldə etdik. Dövlət başçısı ilə, Heydər Əliyev kimi bir insanla görüşmək böyük şərəfdir”.
Həmin görüşün iştirakçısı AŞF-nın I vitse-prezidenti, “Şöhrət” ordeninə layiq görülən Faiq Həsənov H.Əliyevin şahmatçıların inkişafında böyük rol oynadığını deyib:
“Çətin dövrə baxmayaraq, Azərbaycanın şahmat gələcəyi olan uşaqlarla görüşməyi yaddan çıxartmadı. Ata kimi nəsihət verdi. Söylədi ki, siz bizim şahmatın gələcəyisiniz. Doğrudan da belə oldu. Şahmatımızın gələcəyi görüşdə iştirak edən Vüqar Həşimov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov oldu. Sonradan onlara Şəhriyar Məmmədyarov qoşuldu. Heydər Əliyev həmin görüşdən sonra onların hazırlığı ilə bağlı mühüm tapşırıqlarını verdi”.
AŞF-nın prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Heydər Əliyevin Azərbaycan şahmatının inkişafında misilsiz rolu olduğunu qeyd edib:
“70-ci illərin əvvəlində Heydər Əliyevin şahmat məktəblərinin inşa olunması ilə bağlı göstərişləri var idi. Bu doğrudan həyata keçirildi. Bu inkişafın nəticəsi kimi 90-ci illərin əvvəlində istedadlı şahmat nəsli formalaşdı. Həmin şahmat nəslinin parlaq nümayəndələrini 1998-ci ildə ümummilli lider Heydər Əliyev şəxsən qəbul etdi.
Üç dəfə Avropa çempionluğu, Teymurun, Vüqarın silsilə qələbələri, sonradan onlara qoşulan Şəhriyar Məmmədyarovun uğurları, Teymurun Dünya Kubokundakı qələbəsi, Şəhriyarın rapid üzrə dünya çempionluğu. O görüş nəinki dörd gəncin şahmat taleyini, Azərbaycan şahmatının taleyini uzun illər öncədən müəyyən etdi. Ulu Öndər Teymur Rəcəbov və digər gənclərin gələcək inkişafını fikirləşərək bir çox mühüm qərarlar verib”.