• C. Noy 29th, 2024

Rəsmi Bakının “8 kənd” açıqlaması: Nələr baş verəcək? – TƏHLİL

ByYenigun.news

May 10, 2022

Qarabağ münaqişəsinin Qarabağ coğrafiyasından kənarda miras buraxdığı kəndlərdən erməni izlərinin təmizlənməsi Azərbaycanın formalaşdırdığı sülh gündəliyindəki istiqamətlərdən biridir.

Xarici işlər naziri Xələf Xələfovun açıqlaması belə deməyə əsas verir, söhbət Qazaxın hələ də işğalda olan 7 kəndinin (Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Yuxarı Əskipara, Bərxudarlı, Sofulu, Qızılhacılı) və Naxçıvan ərazisindəki Kərki kəndinin Azərbaycana geri qaytarılmasından gedir.

Xələf Xələfov 8 kəndin geri qaytarılması məsələsini sərhəd delimitasiyası prosesinin tərkib hissəsi kimi önə çəkib.

Səkkiz kənd mövzusu Azərbaycanın 2020-ci ilin noyabrında, Azərbaycanın Ermənistan üzərində qazandığı qələbə ərəfəsində Bakı tərəfindən masaya qoyulmuşdu, amma onun rəsmi sənədlərdə əksini tapmamasının bir neçə səbəbi var idi.

Birinci səbəb: Ermənistan Qarabağdakı məğlubiyyətdən dərhal sonra həmin məsələni açıq elan edə bilməzdi (Düşünürük ki, geniş izaha ehtiyac yoxdur – red.).

İkinci səbəb: Azərbaycan müəyyən prosesləri həyata keçirdikdən sonra həmin məsələnin aktuallıq qazanmasını sürətləndirdi, hərçənd ki, yerli mediada daim bu mövzu müzakirə mövzusu idi.

İndi Bakının istədiyi zəmin tam olaraq formalaşıb və danışıqlarda həmin kəndlərin geri qaytarılması müzakirə olunur.

Hələ 2021-ci ilin yay aylarında Ermənistandakı Rusiya sərhədçilərinin Əskipara coğrafiyasına dislokasiya edildiyi bildirilirdi, bu, Bakının əleyhinə işləyən mexanizmə deyil, Azərbaycana danışıqlarda üstünlük gətirən şərtə çevrilirdi.

Postmünaqişə dövrünün “8 kənd periodunda” Azərbaycana müstəsna üstünlüklər verən bütün detalları sadalamadan deyə bilərik ki, Bakı həmin yerləri geri qaytarmağa nail olacaq.

Ermənistan isə buna hazırdır, daha doğrusu bundan başqa çıxış yolu da yoxdur, ona görə də, hələ bir neçə ay öncə Qazaxın işğal altındakı kəndlərindən keçən yola alternativ yol çəkdiyi haqqında məlumatlar dövriyyəyə buraxılmışdı.

Bu proses həm də regionda yeni nəqliyyat-kommunikasiya marşrutlarının yaradılmasının tərkib hissəsidir, buna görə də Qazax-İcevan dəmir yolunun açılması da sonrakı gedişatlarda müzakirə oluna bilər.

Proses ümumilikdə vaxt aparacaq, çünki erməni cəmiyyətinin birdən-birə bunu həzmə verməsi çətin prosesdir, lakin mümkünsüz deyil.

Ona görə də, gələcəkdə Ermənistanın sərhəd istiqamətində, eləcə də 8 kənd istiqamətində ara-sıra təxribatlara yol verərək gözə kül üfürəcəyini istisna etmək olmaz.

Aqşin  Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir