Gürcüstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə ünsiyyətdə olan dövlət xadimlərindən biri, keçmiş dövlət naziri (1995-1998), Tbilisi şəhərinin sabiq meri (1993-1995) Niko Lekişvilidir.
O, “Report”un Gürcüstan bürosuna müsahibə verib.
Müsahibəni təqdim edirik:
– Heydər Əliyevi necə xatırlayırsınız?
– Fikrimcə, Heydər Əliyev dünyada son dövrlərin ən görkəmli şəxsiyyəti olub. Onunla bir neçə dəfə birbaşa təmasım olub. Nümayəndə heyətlərinin görüşləri zamanı Heydər Əliyevlə tez-tez görüşürdük. O, ağır vəziyyətdə olan Azərbaycanı qarşıdurmadan faktiki olaraq xilas etdi və dövlət yaratdı. Hazırda Heydər Əliyevin oğlu İlham Əliyev onun yolunu davam etdirir. O, olduqca zəkalı və müdrik dövlət xadimi idi.
– Bəs onunla ilk görüşünüz yadınızdadırmı?
– Bəli, əlbəttə. Onunla ilk görüşüm 1993-cü ildə – Tbilisi meri təyin olunarkən baş tutub. Həmin vaxt Gürcüstanda ağır vəziyyət idi. Təbii qaz və elektrik enerjisi ilə tədarükdə ciddi problem yaranmışdı. Yeni il ərəfəsi idi – dekabrın 14-15-i olardı. Vəziyyət elə ağırlaşırdı ki, ölkə çörəksiz qala bilərdi. Problemin aradan qaldırılması üçün çıxış yolları axtarırdıq. Çörək zavodlarında forsunka cihazlarının dəyişdirilməsinə və dizel yanacağına ehtiyac yarandı. Yanacaq heç yerdə yox idi. Türkiyənin özündə də vəziyyət çətin idi. Bizə kömək edə biləcək yeganə ölkə Azərbaycan idi. Bakıya yollandım. Həmkarımla şəhərə çatanda məlum oldu ki, Bakıda da vəziyyət mürəkkəbdir və ümidimiz boşa çıxa bilər. Şəhər qaranlıq idi, elektrik enerjisi ilə təminatda çətinliklər yaşanırdı. Nə edə bilərik sualıma dedilər ki, Heydər Əliyev tapşırsa, bəlkə nəsə etmək olar. Mənə onunla görüş təşkil etdilər. Xatirimdədir, təxminən, axşam saat 10 radələrində Heydər Əliyevin iqamətgahına getdim. Kabinetinə daxil olanda səsdən aydın oldu ki, elektrik enerjisi üçün kiçik mühərrik işləyir. O, məni elə mehribanlıqla və gülərüzlə qarşıladı ki, sanki məni çoxdan tanıyırdı. Biz əyləşdik və söhbətə başladıq. Sonra süfrə açıldı və təkbətək söhbət apardıq. Öncə hal-əhval tutduq, Gürcüstan və Azərbaycanda baş verən proseslərə toxunduq. Heydər Əliyev Eduard Şevardnadzenin durumu ilə maraqlandı. Daha sonra o, hansı məqsədlə Bakıya gəldiyimi soruşdu. Mən ona Gürcüstandakı ağır vəziyyəti izah etdim və dedim ki, Azərbaycandakı vəziyyətin də asan olmadığını bilirəm. Qeyd etdim ki, kömək olmasa, Gürcüstanda çörək inqilabı olacaq. Heydər Əliyev Eduard Şevardnadzenin məsələ ilə bağlı ona niyə zəng etmədiyini soruşdu. Cavab verdim ki, E.Şevardnadze Bakıya sizin yanınıza gəldiyimi bilmir. O, “yaxşı” deyib otaqdan çıxdı və kiməsə zəng etdi.
Müəyyən vaxtdan sonra bir nümayəndə otağa daxil oldu, Heydər Əliyev ondan Gürcüstana göndərmək üçün dizel yanacağının olub-olmadığını soruşdu. Nümayəndə müəyyən miqdarda yanacağın olduğunu və Gürcüstana dəmir yolu ilə göndərilə biləcəyini bildirdi. Yanacağa görə ödənişlə bağlı məsələ qaldırılanda dedim ki, məbləği aprel ayında ödəyə biləcəyik. Heydər Əliyev vaqonları yükləyib Gürcüstana göndərməyi tapşırdı. Onunla bir az da söhbətləşdik. Mən heyrət içində idim. Azərbaycanın özü də çətin durumda idi, lakin buna baxmayaraq Heydər Əliyev Gürcüstana yardımdan imtina etmədi. Azərbaycandan çatdırılan yanacaq bizə uzun müddət kifayət etdi. Yanacağı çörək zavodlarına payladıq və əhali çörək çatışmazlığı yaşamadı. Əgər Heydər Əliyev bizə kömək etməsəydi, Gürcüstanda vəziyyətin necə olacağını heç təsəvvür belə edə bilmirəm.
– Görkəmli dövlət xadimi ən çox hansı keyfiyyətləri ilə fərqlənirdi?
– Heydər Əliyev böyük siyasətçi, böyük dövlətin rəhbəri, qabiliyyətli şəxsiyyət idi. Bu keyfiyyətləri ilə yanaşı o, həm də cəsarətli insan olub.
Onun çox diqqətcil olduğunu da qeyd etməliyəm. Yuxarıda söhbət açdığım yardımla bağlı biz ödənişi fevralda həyata keçirdik. Müəyyən müddət keçdi. Qarşılıqlı səfərlərin birində mən Eduard Şevardnadzenin yanında durmuşdum. Heydər Əliyev bizə yaxınlaşdı və məni görəndə “Çox sağ olun ki, məni pis vəziyyətdə qoymadınız” dedi.
Sonralar onunla bir neçə görüşüm oldu. Heydər Əliyevlə hər mövzuda danışırdıq. Onunla bir dəfə Astanada görüşdük. Şəhərin yaranma günü ilə bağlı təntənəli mərasim keçirilirdi. Eduard Şevardnadze Qazaxıstana gedə bilməmişdi. Heydər Əliyev mənə ata qayğısı göstərirdi. Fəaliyyətimlə bağlı maraqlanırdı. Mən ona siyasətdən getməyi düşündüyümü söylədim. O, bunun səbəbini maraqlandı və dedi “Eduardı tək qoyma”. Söhbət əsnasında o, məndən bir xahiş etdi. “Eduard Şevardnadze üçün nəzərdə tutulan qovluğu ona çatdıra bilərsənmi?” deyə soruşdu. Bağlı qovluq idi və Heydər Əliyev içərisində olan sənədlər barədə qısa məlumat verdi. Dedi ki, Gürcüstanda xoşagəlməz hadisələr hazırlanır, Eduard Şevardnadzeyə qarşı olan qruplar var və qovluqda bununla bağlı ətraflı materiallar var. Heydər Əliyev dedi ki, bu məsələni E.Şevardnadze ilə telefonla danışmaq istəmir və fikirləşirdi ki, o, Astanaya gələcək və onunla şəxsən danışacaq. Mən qovluğu ondan aldım və sağollaşdım. O, mənim Tbilisiyə necə dönəcəyim ilə maraqlandı, öz təyyarəsi ilə Bakıya getməyimi, oradan isə Tbilisiyə dönməyimi təklif etdi. Mən onunla birgə uça bilmədim, belə ki, məni müşayiət edən başqa nümayəndələr də var idi.
Heydər Əliyev qovluğu mənə verməklə mənə böyük inam və etibar göstərmiş oldu. O, qovluqda olan materiallar barədə mənə heç bir məlumat verməyə də bilərdi. Lakin o, məni layiq bilib məlumatlandırdı. Heydər Əliyev elə keyfiyyətlərə sahib idi ki, bunları heç bir siyasi məktəbdə və keçdiyin yolda öyrənmək mümkün deyildi.
Müəyyən zaman ötdü və mən artıq dövlət vəzifəsində çalışmırdım. Həmin vaxt Heydər Əliyev Gürcüstana səfər etmişdi və banketlərin birində onunla qarşılaşdım. O, məni görən kimi dərhal yaxınlaşdı, hal-əhval tutdu və siyasətdən getdiyimi bildiyini dedi. Mən cavab verdim ki, siyasəti tərk etməyim hamı üçün yaxşıdır.
Hesab edirəm ki, Heydər Əliyev Azərbaycanın bütün tarixində ən görkəmli azərbaycanlı olub. Onun yolunu və başladığı işi bu gün onun oğlu İlham Əliyev davam etdirir. Bu gün Azərbaycan uğurlu ölkədir. İkinci Qarabağ müharibəsinin gedişatı göstərdi ki, İlham Əliyev necə böyük zəkaya malikdir. O, yüksək hazırlıqlı dövlət başçısı və strateq olduğunu göstərdi.
– Heydər Əliyevi Gürcüstanın böyük dostu adlandırırlar. Məhz onun hakimiyyəti dövründə Azərbaycan-Gürcüstan münasibətlərinin yeni mərhələyə keçdiyi deyilir.
– Bəli, Heydər Əliyev Gürcüstan xalqı üçün də görkəmli şəxsiyyət və böyük dostdur. Gürcü xalqı Heydər Əliyevə böyük hörmətlə yanaşır.
Gürcüstan-Azərbaycan münasibətərinin möhkəmlənməsinə əlbəttə ki, Heydər Əliyev və Eduard Şevardnadzenin dost münasibətləri böyük təsir edib. Lakin Heydər Əliyevin gürcülərə münasibəti də burada böyük rol oynayıb. O, Eduard Şevardnadze ilə həmkar idi, onların yaxşı münasibətləri vardı. Lakin burada həlledici məqam hesab edirəm ki, Gürcüstan və gürcü xalqı olub. Heydər Əliyevin Gürcüstana özünəməxsus düzgün münasibəti vardı. Eduard Şevardnadze faktoru qarşılıqlı münasibətlərimizdə böyük rol oynayıb. Liderlər arasında yaxşı münasibətlər olanda kommunikasiya da asan olur. Onlar təkbətək saatlarla danışıqlar aparardılar. Xatirimdədir, Moskvada MDB çərçivəsində görüşlər keçiriləndə Heydər Əliyev və Eduard Şevardnadze 3-4 saat ərzində söhbət edərdilər.
Qeyd etməliyəm ki, Gürcüstan-Azərbaycan münasibətləri bu gün də müsbət məcrada inkişaf etməyə davam edir və olduqca nümunəvidir.