İranla Qərb arasında nüvə anlaşmasının imzalanması üçün danışıqlar getdiyi bir zamanda tərəflərin bir-birinə qarşı kəşfiyyat müharibəsi intensiv hal alır.
Tehran İranda müəllimlərin etiraz aksiyalarının səbəbini sosial vəziyyətdə deyil, kəşfiyyat-təxribat fəaliyyətinin tərkib hissəsində axtarır, hərçənd ki, əsaslı dəlillər təqdim edilməyib.
Orası da düzdür ki, İran İsrail kəşfiyyatının, Qərb kəşfiyyatının xeyli agent yerləşdirdiyi ölkədir və Tehran da analoji addımlar atır.
Son bir ildə İran kəşfiyyatının xəttində israilli biznesmenlərin, diplomatların, Qərb hərbçilərinin öldürülməsi planları aydın şəkildə sezilir, hər halda nüfuzlu mətbuat orqanlarında çıxan məlumatları analiz etdikdə belə mənzərə ilə qarşılaşırıq.
Amma MOSSAD-ın koordinasiyalı işi sahəsində İranın sui-qəsd planlarının üstü ard-arda açılır, Tehran da proseslərdən əliboş çıxmamaq üçün casus ovunu davam etdirir.
Son günlər İranla İsveç arasında da agent qalmaqalı yaşanır.
QISA XATIRLATMA:
İran İsveç və İran vətəndaşı olan Əhmədrza Cəlalini MOSSAD-a casusluq etməkdə şübhəli bilərək saxlamışdı. O, edam cəzasına məhkum edilib (hələ edam edilməyib).
İsveçdə də iranlı keçmiş prokuror köməkçisi Həmid Nuri həbsxana həyatı yaşayır, ona ömürlük həbs cəzası veriləcəyi gözlənilir.
Bu yaxınlarda İsveç öz vətəndaşlarını İrana getməməyə çağırmışdı, bu, sanki İrandan gələn pərdəarxası kəşfiyyat mesajının elan edilməsi idi.
Yəni İran İsveçə xəbərdarlıq edir ki, öz ölkəmdə sənin vətəndaşlarına qarşı total həbslər başlada bilərəm.
Bir neçə gün öncə İran İsveç vətəndaşını saxlayıb – özü də aeroportdan geri qayıdarkən, hərçənd ki, həmin şəxsin kəşfiyyat-pozuculuq fəaliyyətinə dair aydın təsvirlər verilmir.
İki detalı birləşdirdikdə nəticə hasil olur: İsveçin xəbərdarlığı ilə isveçlinin saxlanılması hadisələrin təsadüf olmadığına dair əlamətlərdir.
İsveçlinin saxlanılması girov götürmək kimi tövsif oluna bilər, yəqin ki, İranın məqsədi başqa dövlətlər üzərində təzyiq yaratmaq niyyətlərini elan etməkdir.
Ümumiyyətlə, İrana girən hər bir şəxsin ölkə ərazisindəki trafiki izlənilir, o, güclü təqibə məruz qalır. Vay o gündən ki, İran kəşfiyyatında cüzi şübhələr yaransın, bu zaman kiminsə “kəlləsi” gedə bilər.
İran şübhələndiklərini son anda – aeroportda, geri dönərkən – saxlayır ki, bu da İran kəşfiyyatında analitiklərin gərginliklə baş sındırdığını ortaya qoyur.
İsveçlinin ardından İran daha iki Avropa vətəndaşını saxlayıb – yenə aeroportda. Onlar İslam Respublikasında iğtişaşlar yaratmaq və xaosa təhrik etməkdə ittiham edilirlər, elə müəllimlərin mitinqlərini həmin avropalılarla əlaqələndirirlər.
İranda həbs edilən avropalıların kimliyi öyrənilib, onlardan biri Fransanın Milli Təhsil, Mədəniyyət və Peşə Təhsili Federasiyasının rəhbəri Çesil Kohler, digəri isə onun əridir.
Ər-arvad aprelin 29-da Tehrana gəlib, daha sonra Kaşan və İsfahana gediblər. Cütlük mayın 8-də həbs olunarkən Parisə qayıdırmış.
İran tərəfi onların müəllimləri təxribata çəkməyinə dair əsaslı mövqe səsləndirməyib.
Tehran rəsmi mövqeyini belə əsaslandırır ki, hər iki şəxs ötən ildən bəri bir neçə dəfə ümummilli etiraz aksiyalarının təşkilatçısı olan İran Müəllimlərin Ticarət Dərnəklərinin Koordinasiya Şurasının üzvləri ilə görüşüb, hərçənd ki, bu, çox zəif dəlildir.
Qərb-İsrail tandemi ilə İran arasında hibrid müharibə davam edəcək, güman ki, İsrail daha genişmiqyaslı kəşfiyyat fəaliyyətinin icrasına hazırlaşır.
İsrail Qərblə İran arasında nüvə razılaşmasının əldə edilməsinə qarşıdır, bu mənada İsrail Qərb üzərində müəyyən təzyiqedici mexanizmlər də yaradacaq.
Aqşin Kərimov