“Enerji sektoru bizim iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcək”.
Bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.
Prezident qeyd edib:
“Biz indi Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisini, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemini yekunlaşdırmışıq. Əlbəttə ki, bizim iqtisadiyyatın ənənəvi sahəsi olan neft sektorunun inkişaf etdirilməsi yerli məqsədlər və bir çox ölkələrin enerji təhlükəsizliyi üçün vacib rol oynamaqda davam edir. Bununla belə, şaxələndirmə bizim əsas hədəfdir. Çünki biz başa düşürük ki, şaxələndirmə olmadan davamlı iqtisadiyyat yaratmaq üçün bizim planlar yerinə yetirilməyəcəkdir. Biz bu xüsusda yaxşı nəticələr görürük. Sizə deyə bilərəm ki, bu ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Bizim iqtisadiyyat 7,2 faiz artmışdır. Pandemiyadan sonrakı dövrü düşünsək, bu, çox yaxşı rəqəmdir. Qeyri-neft sektoru ilə bağlı daha yaxşı rəqəmlər vardır, hansı ki, burada artım 11,4 faizdir. Bizim çox az xarici borcumuz vardır – ümumi daxili məhsulun yalnız 12,5 faizi həcmində. Hədəf onu ümumi daxili məhsulun 10 faizi həcminə qədər azaltmaqdır”.