• Ç. Noy 27th, 2024

ABŞ-ın Avropa Komandanlığının Bakıya göndərdiyi missiya: Ağ Evin Xəzər strategiyası – TƏHLİL + FOTO

ByYenigun.news

May 19, 2022

Qlobal teatrda çəkişmə-qarşıdurma prinsipləri ilə davam edən kəskin rəqabət Xəzər regionuna da sıçrayır.

Onsuz da zəngin resursları olan Xəzər dənizi uğrundakı mübarizənin tarixi-fundamental kökləri mövcuddur və indiki rəqabət də həmin köklərin mirasıdır.

Dünyanın supergücü – Amerika Birləşmiş Ştatları – özünün enerji və təhlükəsizlik maraqları səbəbilə Xəzər regionuna fövqəladə əhəmiyyət verir, təbii ki, okeanın o tayından Xəzərə dikilən baxışlar Rusiyanın aqressiv, İranın təlaşlı nəzərləri ilə toqquşur.

Kəsişən maraqlarda Ağ Ev özünə yeni geosiyasi reallıqlara uyğun partnyorlar axtarır və ya mövcud əməkdaşlığın həcmini genişləndirmək üçün strategiya ortaya qoyur.

Heç də qəribə və təəccüblü gəlməməlidir ki, ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyəti Bakıda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin həmin səfərlə bağlı yaydığı məlumatda qeyd olunur:

“ABŞ səfirliyi Xəzərdə dəniz təhlükəsizliyini gücləndirmək və sərhədlər boyunca narkotik alverçilərinə qarşı tədbirlər görmək məqsədilə Azərbaycanın tərəfdaşı olmaqdan qürur duyur”.

Səfərin məqsədi ABŞ-ın Azərbaycanla Xəzər regionundakı maraqlarını strateji tərəfdaşlıq səviyyəsinin fövqünə qaldırmaqdır, çünki Avropa Komandanlığının məramı elə tərəfdaşlarla uğurlu birləşməni təmin etməkdir.

Bu məramdakı hədəflər elə incə mexanizm üzərində qurulur ki, qlobal əməliyyatlar Qərbin və İsrailin maraqları çərçivəsində təşkil edilsin, həm transmilli təhdidlər aradan qaldırılsın, həm də Rusiya üçün çəkindiricilik platforması formalaşdırılsın.

İsrail amili ilə qısa vurğu: İsrail də Xəzərin təhlükəsizliyində çox maraqlıdır.

Görünür ki, Rusiya-Ukrayna müharibəsi ABŞ-ın regiondakı maraqlarını kommersiya xarakterli girovluqdan çıxarır və iqtisadi maraqlar böyük geostrateji maraqlar kontekstində inkişaf etdirilir.

Çoxməqsədli kombinasiyanın böyük geosiyasi komponentləri var və ABŞ-ın Mərkəzi Asiya bölgəsi istiqamətinə əhəmiyyətli pəncərələr açmaq istəməsi aydın sezilir.

Hərçənd ki, burada güc balansı yaratmaq cəhdləri Rusiya və İranın müqaviməti ilə üzləşəcək və dominant axının hansı qüvvəyə tərəf gedəcəyini müəyyən etmək çətinləşəcək.

Bununla belə, Xəzəryanı ölkələr sırasında Azərbaycanın, Türkmənistanın və Qazaxıstanın enerji xəritələrindəki rolu və təhlükəsizlik çağırışları ABŞ-ın bu ölkələrə olan marağını getdikcə artıracaq.

Təbii ki, hər nə qədər münasibətlərində ziddiyyətlər olsa da, Qərb Türkiyəni də Xəzərə çəkir və ortaq maraqların inkişaf etdirilməsində səy göstərir.

Xəzərdə kəşf edilməmiş yataqlar və onların perspektiv istismarı regionun geosiyasi oriyentasiyasında açıqlanmayan mətləbləri çoxaldacaq.

ABŞ-ın Avropa Komandanlığının nümayəndələrinin Bakıya təşrif gətirməsinin səbəblərini Ağ Evin qlobal maraqları fonunda belə təsnifatlandıra bilərik:

1. ABŞ Xəzər regionundakı açıqlanan və açıqlanmayan öhdəliklərinin icrasını sürətləndirir;

2. Vaşinqton Azərbaycanın enerji marşrutlarındakı həlledici rolunu nəzərə alaraq iqtisadi baxışlarını hərbi-siyasi maraqlarla uyğunlaşdırır.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir