• Ç. Noy 27th, 2024

İlham Əliyev Ermənistanın son təxribatına dair iki yeni informasiya verir – ŞƏRH

ByYenigun.news

May 19, 2022

Ermənistan hakimiyyəti yenə hansısa şirnikləndirici mənbələr hesabına Azərbaycanla sülhdən boyun qaçırır. Bu qətiyyən təəccüb yaratmamalıdır, çünki erməni siyasətinin çoxdankı vərdişlərinin instinktiv təkrarıdır.

Bu vərdişlər indi Ermənistanın hərbi dairələrində yeni meyillər formalaşdırmağa istiqamət almaq istəyir – Azərbaycanla münasibətlərin normal axına dönməməsi meyilləri.

Ona görə də İrəvan Bakı ilə əldə edilmiş razılıqların icrası mərhələsini nala-mıxa vuraraq ya pozmağa çalışır, ya da vaxt qazanmaq ümidlərinə qapılır. Sual olunur: Vaxt qazanıb nə edəcəksən?

Ermənistanın hərbi komandanlığında keçmiş xuntaya bağlı qruplar hələ də qalmaqdadır və onlar baş nazir Nikol Paşinyanın siyasətinə az da olsa təsir imkanlarına malikdirlər.

Onlar Ermənistanın təxribatçı addımlarının daha da körüklənməsinə şərait yaradır və İrəvanı konstruktiv mövqe tutmaq xəttinə yaxınlaşmağa qoymurlar.

Elə buna görədir ki, Ermənistan son günlər Kəlbəcər istiqamətində hərbi təxribatlar törədir və etimadı pozan digər addımlar atır.

Azərbaycan Prezidenti İlham Əliyev də mayın 18-də litvalı həmkarı Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında Ermənistanın son zamanlar tutduğu qeyri-müəyyən mövqe barədə məlumat verib.

Prezidentin çıxışında yeni informasiya yükü olan iki xətt budur:

1. Ermənistan sərhəd delimitasiyası ilə bağlı aprelin 29-da nəzərdə tutulan görüşü ləğv edib (görüş təşəbbüsünü Ermənistan Xarici İşlər Nazirliyi özü irəli sürmüşdü);

2. 7-11 may tarixlərində Azərbaycan sərhəddə görüş keçirməyi təklif etsə də, Ermənistan bundan imtina edib.

İrəvanın ikili mövqeyi Ermənistanın beynini hansı xarici faktorun “zəhərləməsinə” dair versiyalara da yol açır.

Əslində, Ermənistan əhəmiyyətli diplomatik-siyasi və hərbi dəstəklərdən məhrum olub, sadəcə ara-sıra Qərb də (əsasən ABŞ və Fransa), Rusiya da İrəvan üçün şirnikləndirici bəyanatlarla çıxış edirlər. Lakin ümumilikdə Rusiya da, Qərb də üçtərəfli bəyanatların və Avropa İttifaqının təşəbbüsü ilə əldə edilmiş razılıqların icrasının tərəfdarıdır. Onlar regionda münaqişənin yaranmasında maraqlı tərəf kimi çıxış etmirlər.

Ona görə də Ermənistan başına ağıl qoyub sülh prosesinə əngəl yaradan bütün addımlardan əl çəkməlidir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir